Hərbi qulluqçulara qarşı tələblər sərtləşdirilir

Ermənistanda hərbçilərə xidmət zamanı smartfonlardan istifadə qadağan ediləcək. Bunu Parlamentdə Ermənistan Respublikası Silahlı Qüvvələrinin İntizam Məcəlləsinə və müvafiq qanunlara əlavə və dəyişikliklərlə bağlı qanun layihələri paketinin müzakirəsi zamanı respublika müdafiə nazirinin müavini Arman Sargsyan deyib.
Onun sözlərinə görə, istisnalar müdafiə nazirinin qərar verdiyi hallar olacaq. Bundan əlavə, ictimai narazılığın təzahürü ilə bağlı mitinqlərdə və digər bu kimi tədbirlərdə iştiraka qadağa qoyulacaq”, – deyə Sargsyan bildirib.
Hərbi qulluqçulara hərbi xidmətlə bağlı məsələlərlə, habelə siyasi məsələlərlə bağlı ictimai müraciətlər və ya bəyanatlar vermək də qadağan ediləcək.
Bundan başqa, hərbi qulluqçuların rəhbərlərin icazəsi olmadan xidmət haqqında məlumat vermək və ya müzakirə etmək, video və fotoları kütləvi informasiya vasitələrində, habelə internetdə dərc etmək hüququ olmayacaq.
Digər bir yenilik isə müqavilə əsasında işləyən hərbçilərə aiddir. Müqavilənin hər il uzadılması prinsipi ilə həddi çatdıqdan sonra 10 il xidmət etmək imkanı əldə edəcəklər. Keçmiş orta və yüksək rütbəli zabitlər də müqaviləli hərbi qulluqçu kimi xidmətə qayıtmaq imkanı əldə edəcəklər.







