
Ermənistan parlamentinin hakim “Mülki Müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan aprelin 11-də Teğ kəndi yaxınlığında erməni hərbçilərə Azərbaycanın hücumu ilə bağlı insidenti beynəlxalq tərəfdaşlara təqdim edib.
Koncoryan onları Azərbaycanın təcavüzkar hərəkətlərinin qarşısını almaq üçün ona beynəlxalq təzyiqləri artırmağa çağırıb.
“Ermənistan-ABŞ dostluq qrupunun rəhbəri kimi mən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərinə, ABŞ Erməni Komitəsinin həmsədrləri Qas Bilirakis, Frank Pelon, Devid Valadaoya, həmçinin -komitənin sədri Adam Şiffə məktublar göndərmişəm.
Ermənistan-Yunanıstan dostluq qrupunun rəhbəri kimi mən Yunanıstan-Ermənistan dostluq qrupunun rəhbəri Dimitrios Markopulosa məktub göndərmişəm.
Ermənistan Respublikası parlamenti ilə Kipr Respublikasının Nümayəndələr Palatası arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın sədri kimi mən Kiprdən olan həmkarım Haris Georgeadesə məktub göndərmişəm.
Aprelin 11-də Azərbaycan silahlı qüvvələrinin nümayəndələri tərəfindən Ermənistan Respublikasının suveren ərazisində həyata keçirilən növbəti təxribatla bağlı təfərrüatları təqdim etdim. Mən azərbaycanlıların qanunsuzluqları, cinayət əməlləri ilə bağlı faktlar da təqdim etdim.
Mən həmkarlarımı Azərbaycanın təcavüzkar hərəkətlərinin qarşısını almaq və regionumuzda mümkün eskalasiyanın qarşısını almaq üçün bütün lazımi səyləri göstərməyə və beynəlxalq təzyiqləri artırmağa çağırdım”, – Koncoryan bildirib.







