
Ermənistan heç bir halda elə sənəd imzalamamalıdır ki, Artsax istənilən statusda Azərbaycanın tərkibində qalsın.
“Armenpress”in məlumatına görə, bunu “Şərəfim var” fraksiyasının deputatı, Parlamentin İnsan hüquqlarının müdafiəsi və ictimai məsələlər daimi komissiyasının sədri Taguhi Tovmasyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib. O əlavə edib ki, azərbaycanlılarla dinc yanaşı yaşamaq kontekstində Artsax xalqının etnik azlığı və ya hər hansı digər status məsələsini müzakirə etmək olmaz.
“Bu illər ərzində anlamışıq ki, azərbaycanlılar bir gün gecələr yuxudan oyanıb Ramil Səfərovdan örnək götürüb balta atmağa başlayacaqlar və bizdə belə hallar çox olub. Başqa sözlə, mən Azərbaycanla dinc yanaşı yaşamağı təsəvvür edə bilmirəm. Bu müddət ərzində onlar atəşkəs şəraitində dəfələrlə işğala cəhd ediblər, çoxsaylı qətllər, o cümlədən dinc əhali arasında törədiblər və onlarla sülhdən danışmaq sadəcə absurddur. Mən deyə bilmərəm ki, bu, hansı sənəd olmalıdır, amma bu sənəd Artsaxı Azərbaycanın bir hissəsi kimi heç bir nəzəri formada daxil etməməlidir”, – deyə Tovmasyan bildirib.
Deputat Bakı-Stepanakert dialoqunun beynəlxalq mexanizminin formalaşmasını problemli hesab edir.
“Mən bunu problemli hesab etməkdə davam edəcəyəm, çünki düşünürəm ki, biz Artsaxı Azərbaycanla tək qoymuşuq. Azərbaycan tək deyil, Azərbaycanın arxasında Türkiyə var və bizim 120 min əhalisi olan Artsaxı Azərbaycanla tək qoymağa haqqımız yoxdur”, – deyə Tovmasyan yekunlaşdırıb.







