
Mayın 11-də Azərbaycan silahlı qüvvələri növbəti dəfə təxribat və təcavüzkar hərəkətlərə əl ataraq, Sotk istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin mövqelərini artilleriya və minaatanlardan atəşə tutub. Azərbaycanın təcavüzü nəticəsində Ermənistan tərəfindən yaralılar olub. Azərbaycan tərəfi isə öz təxribatı nəticəsində yalnız bir əsgərin öldüyünü elan etsə də, bəzi mənbələrə görə itkilər daha çoxdur.
Baş nazir Nikol Paşinyanın qiymətləndirməsinə görə, Azərbaycan tərəfinin bu hərəkətləri Vaşinqtonda keçirilən danışıqlarda qeydə alınan irəliləyişi heçə endirməyə və üçtərəfli formatda Brüsseldə, iyunun 1-də isə Kişinyovda beştərəfli formatda planlaşdırılan danışıqları pozmağa yönəlib. Baş nazirin sözlərinə görə, digər məqsəd Ermənistanın və beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizində qeyri-qanuni keçid məntəqəsinin yaradılması faktından yayındırmaq, yeni yerdə yeni böhran yaratmaqdır. Paşinyan həmçinin Azərbaycanla Brüsseldə sülh müqaviləsinin imzalanması ehtimalını cüzi sayıb.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan isə öz Twitter səhifəsində Azərbaycanın növbəti təxribatına toxunaraq yazıb ki, Azərbaycan danışıqlarda Ermənistana öz şərtlərini diktə etməyə çalışır: “Ermənistanla sərhəddə Azərbaycan tərəfinin törətdiyi təxribat Azərbaycanın davamlı olaraq Ermənistan tərəfinə güc və hədə-qorxu ilə təzyiq göstərmək siyasətini bir daha sübut edir.
Rəsmi Moskva yeni eskalasiya fonunda Ermənistan və Azərbaycandan təmkinli yanaşma gözlədiyini bildirib və gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel də Azərbaycanın dünənki hərbi təxribatına toxunaraq, qeyd edib ki, hərbi əməliyyatlar davamlı və ləyaqətli sülhə doğru əldə olunan tərəqqiyə xələl gətirir.
Qeyd etmək lazımdır ki, danışıqlar prosesində müəyyən irəliləyişlər fonunda Azərbaycanın təxribatları yeni deyil. Bu təxribatlar həmişə həmin ölkənin hərbi-siyasi rəhbərliyinin hərbi ritorikası və təhdidləri ilə müşayiət olunur. Təcrübə göstərir ki, Azərbaycana danışıqlar prosesi yalnız eskalasiya və müharibə üçün bəhanə tapmaq üçün lazımdır.







