
Belçikanın Xarici işlər naziri Haca Lahbib Ermənistanda Belçika səfirliyinin açıldığını elan edib. Lahbib həmçinin bildirib ki, Belçika AB-nin Ermənistandakı müşahidə missiyasına töhfə vermək istəyir.
Aldığımız məlumata görə Ləhbib Belçikanın Qafqazda, eləcə də Ermənistanda mövcudluğunu təmin edəcəyini açıqlayıb. Belçikanın Xarici işlər naziri qeyd edib ki, indiyədək Belçika bu ölkənin Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla işləyib, geosiyasi proseslər isə vəziyyətin yerində monitorinqini tələb edir.
“Belçika Ermənistanla Azərbaycan arasında sülh prosesinə yönəlmiş Avropa səylərini, xüsusən də Belçikanın töhfə vermək istədiyi AB-nin Ermənistandakı mülki müşahidə missiyası vasitəsilə tam şəkildə dəstəkləyir.
Ölkəmiz Cənubi Qafqazda sabitliyə və qonşuluğa böyük əhəmiyyət verir. Açılış Yerevanda olan diplomatik nümayəndəliyimizlə yanaşı, Bakıda artıq fəaliyyət göstərən səfirliyimiz də bu baxışdan çıxış edir” – deyə Belçikanın Xarici işlər naziri bəyan edib.







