
Ermənistan Respublikasında heç bir hakimiyyət heç vaxt Dağlıq Qarabağ ərazisi uğrunda mübarizə aparmayıb, danışıqlar həmişə Dağlıq Qarabağın erməni xalqının hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olub.
Bunu “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan jurnalistlərlə söhbətində deyib.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında heç vaxt ərazi mübahisəsi olmayıb.
“İndi isə ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında söhbət gedəndə, əslində, beynəlxalq təcrübədə bu, səssiz razılaşma yolu ilə baş verir. Bütün dövlətlər əvvəldən bir-birinin ərazi bütövlüyünü tanıyır, problem yarananda əlavə olaraq siyasi bəyanatlara və ya sənədlərin imzalanmasına ehtiyac yaranır”, – Hovhannisyan bildirib.
“Mülqi müqavilə” fraksiyasının katibi vurğulayıb ki, Ermənistan Respublikasında heç bir hakimiyyət DQ ərazisi uğrunda mübarizə etməyib.
“Danışıqlar həmişə Dağlıq Qarabağın erməni xalqının hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olub. Artsaxdan öz müqəddəratını təyinetmə və ya müstəqillik hüququ uğrunda mübarizənin qapısının bağlandığı barədə elanlar verildikdə, məncə, bu belə deyil. Düşünürəm ki, bəzi həmkarlarımız bizim açıqlamalarımızı səhv başa düşüblər. Bu vəziyyətdə Artsax xalqının hüquqları və təhlükəsizliyi üçün daha böyük imkanlar var və Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren əraziləri və Dağlıq Qarabağ xalqı ətrafında risklər daha azdır”, – Hovhannisyan yekunlaşdırıb.







