BaşlıcaSiyasətTəhlil

ER və Rusiya üçün narahatlıq səbəbi, İrana mesaj – Türkiyə-Azərbaycan birgə layihəsi

Türkiyə ilə Azərbaycan arasında ortaq Hava Komandanlıq İdarəetmə Sisteminin yaradılması Ermənistanı narahat etməlidir. Bunu hərbi-siyasi analitik Davit Harutyunov Sputnik Armeniya-ya müsahibəsində deyib.

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Gergün HAKİM Hava Komandanlığı İdarəetmə Sisteminin yaradıldığını açıqlayıb. O vurğulayıb ki, vahid hava komandanlığı idarəetmə sistemi vasitəsilə iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycanın hava məkanına nəzarət etmək imkanı əldə edir.

Ekspertin fikrincə, 44 günlük müharibə təcrübəsi narahatlığa əsas verir, çünki Türkiyə radar aşkarlayıcı təyyarələri Ermənistanın şərq rayonlarında mütəmadi olaraq patrul aparırdı, Ermənistan silahlı qüvvələrinin və texnikasının hərəkəti ilə bağlı məlumatları Azərbaycana təqdim edirdi.

“Türkiyənin radar aşkarlama vasitələri, xüsusən də havada çox effektivdir, o, faktiki olaraq Azərbaycanla inteqrasiya olunmuş rejimdə fəaliyyət göstərirdi və bütün hava məkanı olmasa da, Ermənistanın ən azı bir hissəsinə nəzarət edirdi. Başqa sözlə, güman etmək olar ki, bu nəzarətin daimi olması üçün cəhdlər edilir”.

Bundan əlavə, Harutyunovun sözlərinə görə, belə əməkdaşlıq Ermənistan üçün o mənada problemdir ki, məlum olduğu kimi, Azərbaycan strateji problemlərini həll etmək üçün əsasən quru radiolokasiya stansiyalarına arxalanır, Türkiyənin isə daha geniş imkanları var. Aydındır ki, həmin sistemin yaradılması ER sərhədindən məlumatların qəbulunun effektivliyini kəskin şəkildə artıracaq.

Belə bir sistemin yaradılması, ekspertin fikrincə, Rusiyanın Cənubi Qafqazda hərbi mövcudluğu, Rusiya və Ermənistanın birgə hava hücumundan müdafiə sisteminə malik olması nəzərə alınmaqla. Rusiya Federasiyasını da narahat etməlidir. Ancaq hər şey Rusiya ilə Türkiyə arasındakı münasibətlərdən asılıdır.

Bundan əlavə, ER-nin apardığı xarici siyasəti nəzərə alaraq, Harutyunov müəyyən mərhələdə vəziyyətin dəyişəcəyini və Qərb istehsalı olan zenit müdafiə sistemlərinin ER hava hücumundan müdafiə sisteminə inteqrasiyasını istisna etmir. Yəni bu işdə Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sisteminin taleyi məlum deyil.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın birgə hava komandanlığı idarəetmə sisteminin yaradılması İran üçün də müəyyən mesajdır ki, müəyyən münaqişə vəziyyətində Türkiyə və Azərbaycan hava qüvvələri sektorunda birgə hərəkət edəcəklər.

O, belə bir sistemin yaradılmasını Türkiyə üçün də imkanların genişləndirilməsi kimi qiymətləndirir. Bunun vasitəsilə Türkiyə Xəzər dənizinə çıxmaq və o bölgədə müəyyən məlumatlar əldə etmək imkanı əldə edir.

Əlavə edək ki, bu layihə tam reallaşacağı təqdirdə Türkiyə ilə Azərbaycan arasında birgə hava nəzarəti zonası Egey dənizindən Xəzər dənizi hövzələrinə qədər uzanacaq.

Daha çox göstər
Back to top button