
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən axşam hökumət iclasından sonra çıxışında Ermənistanla münasibətlərə və qondarma “Zangezur dəhlizi”nə də toxunub. “Bir daha azərbaycanlı qardaşlarımızın Qarabağda əzmkar və cəsarətli mübarizə ilə əldə etdiyi qələbəni təbrik edirik. Bir daha demək istəyirəm ki, Ermənistan vədlərini, xüsusən də Zangezur dəhlizinin açılışını yerinə yetirərsə, onunla əlaqələrimizi mərhələ-mərhələ inkişaf etdirməyə hazırıq”, – deyə Ərdoğan bildirib. Ermənistan tərəfi indiyədək dəfələrlə vurğulayıb ki, onun ərazisindən keçən dəhlizlərə söz verməyib və belə bir öhdəliyi yoxdur. Ərdoğan həmçinin İranı “siyasi və iqtisadi addımlara yol açacaq, öz növbəsində regionda sülh və əmin-amanlığı təmin edəcək həmin tarixi layihədə əməkdaşlığa” çağırıb.







