
23 oktyabr tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehranda “3+3” formatında birinci nazirlər görüşündə iştirakı çərçivəsində İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
“Əvvəllər İlham Əliyevə demişdim ki, sionist rejim sizin dostunuz və ya heç bir müsəlman ölkəsinin dostu olmayacaq. Qəzzadakı vəziyyət bütün region ölkələrinin ABŞ və Qərbin region ölkələrinə rəğbət bəsləmədiyini, bölgədə yalnız öz irqçi maraqlarını həyata keçirdiklərini görməsinin bir əlamətidir”, – deyə İran prezidenti bildirib.
Rəisinin sözlərinə görə, İran regional problemlərin həlli üçün daim qonşu ölkələrlə danışıqlar aparır. O, həmçinin görüşdə “3+3” formatında aparılan müzakirələrin konstruktiv əməkdaşlıq və regional qarşılıqlı fəaliyyətin gücləndirilməsi mənbəyinə çevriləcəyinə ümidvar olduğunu bildirib.
Rəisi regional problemlərin xarici qüvvələrin müdaxiləsi ilə həll edilə bilməyəcəyi ilə bağlı rəsmi Tehranın prinsipial mövqeyini də vurğulayıb və regional problemlərin region ölkələri arasında sıx qarşılıqlı əlaqə və əməkdaşlıq yolu ilə həllinin vacibliyini qeyd edib.







