
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edir ki, Ermənistanın indiki hökuməti əvvəlki hökumətlərdən qat-qat çox ölkələrdən silah ala bilir. Eyni zamanda, Mirzoyan vurğulayır ki, logistic problemlər olmasaydı, onlar daha çox silah əldə edə bilərdilər.
“Armenpress”in məlumatına görə, Mirzoyan bunu Parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyanın indiki hökumətin silah ala bilməməsi ilə bağlı müşahidəsinə istinad edərək deyib.
Ermənistanın xarici işlər naziri əmin edib ki, söhbət mütləq müdafiə silahlarından gedir, Ermənistanın heç bir hücum məqsədi yoxdur.
“Hər bir ölkənin müdafiə silahları əldə etmək suveren hüququ var. Logistika problemləri olmasaydı, daha çoxunu gətirərdik. Heç kimə sirr deyil ki, belə logistika problemləri var”, – deyə Mirzoyan bildirib.







