BaşlıcaSiyasət

Azərbaycan XİN-i İranın Ermənistandakı səfirinin müsahibəsi ilə əlaqədar İranı “uyğun addımlar” atmağa çağırıb

“10 noyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Ermənistanın “CivilNet” platformasına verdiyi müsahibə zamanı səsləndirdiyi təxribat zarakterli əsassız fikirləri qətiyyətlə pisləyirik”.

Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin səsləndirdiyi qərəzli fikirlərə dair şərhində deyilir.

Hacızadənin fikrincə, Azərbaycan və İran arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətə əsaslanan münasibətlərə xələl gətirən bu fikirlər eyni zamanda, iki ölkənin prezidenti arasında 9 noyabr 2023-cü il tarixində Daşkənddə baş tutmuş görüş zamanı İran Prezidenti tərəfindən səsləndirilən fikirlərlə ziddiyyət təşkil edir.

“İran Prezidentinin sözləri, habelə son dövrlərdə Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafında müsbət dinamikanın fonunda İran səfirinin ərazi bütövlüyümüz və suverenliyimizə qarşı səsləndirdiyi fikirləri təxribat kimi qiymətləndiririk.

İran tərəfindən isə münasibətlərimizin ruhuna uyğun olmayan bu kimi addımların qarşısının alınmasını, habelə səfir tərəfindən səsləndirilmiş fikirlərlə bağlı İran tərəfindən müvafiq addımlar atılacağını gözləyirik”,-deyə o qeyd etdi.

Xatırladaq ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani CivilNet-ə müsahibəsində Dağlıq Qarabağ əhalisinin hüquqlarının qorunmasının vacibliyini bəyan edib:

“Qarabağ əhalisinin və hər bir sakinin hüquqları təmin edilməlidir. Onların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmalıdır. Bu, bir reallıqdır ki, heç kim, o cümlədən Azərbaycan dövləti bu hüququ tapdalayan bilməz”.

O əlavə edib ki, başqalarını öz vətəndaşları hesab edən bir dövlət elə bir şərait yaratmalıdır ki, onlar özlərini təhlükəsizlikdə hiss etsin və öz ərazilərini, torpaqlarını və evlərini tərk etməsinlər.

“Biz də Qarabağ əhalisinin qanuni və legitim hüquqlarının təmin edilməsinin tərəfdarıyıq”,-deyə o vurğuladı.

Daha çox göstər
Back to top button