
Yunanıstanın əsas müxalifət partiyası Syriza-Tərəqqi Alyansı Azərbaycanın Dağlıq Qarabağa hücumunu, eləcə də DQ sakinlərinin öz vətənlərindən didərgin salınmasını pisləyib.
Bunu Ermənistanın Yunanıstandakı səfiri Tigran Mkrtçyanla görüşündə “Siriza-Tərəqqi Alyansı” partiyasının parlament fraksiyasının rəhbəri Famelos Sokratis deyib. Tərəflər Azərbaycanın hərbi hücumundan sonra Ermənistan və Dağlıq Qarabağda baş verənləri müzakirə ediblər.
Famelos Sokratis Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmağa yönəlmiş istənilən cəhdini pisləyərək, Brüssel nizamlama prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında sabit sülh müqaviləsinin imzalanmasına “Siriza-Tərəqqi Alyansı” partiyasının dəstəyini vurğulayıb.
Eyni zamanda, o, Dağlıq Qarabağ ermənilərinin, o cümlədən öz yaşayış yerlərinə qayıtmaq istəyənlərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini, habelə beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağın mədəni irs abidələrinin qorunmasının vacibliyini vurğulayıb.







