
Noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycana qarşı Ermənistanın işi üzrə müvəqqəti tədbirin tətbiqi ilə bağlı qərarı dərc edib.
Aldığımız məlumata görə, məhkəmə Azərbaycanı 2023-cü il sentyabrın 19-dan sonra Dağlıq Qarabağı tərk etmiş və geri qayıtmaq istəyən şəxslərin təhlükəsiz, maneəsiz və tez bir zamanda geri qayıtmasını təmin etməyi öhdəsinə götürüb.
Bundan əlavə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əsasən, Azərbaycan 2023-cü il sentyabrın 19-dan sonra hələ də Dağlıq Qarabağda olan və getmək istəyən şəxslərin maneəsiz və tez bir zamanda təhlükəsiz şəkildə bunu edə bilməsini təmin etməyə borcludur.
Digər tərəfdən, məhkəmə Azərbaycanı sentyabrın 19-dan sonra Dağlıq Qarabağda qalan və ya geri qayıdan şəxslərə güc tətbiq etməkdən və hədə-qorxu gəlməkdən çəkinməyə məcbur edib.
Azərbaycan Konvensiya üzrə üzərinə götürdüyü öhdəliklər çərçivəsində qeydiyyat, şəxsiyyət və şəxsi əmlak sənədlərini və qeydiyyat kitablarını qoruyub saxlamağa və mühafizə etməyə, onları öz inzibati və qanunvericilik təcrübəsində əsas kimi qəbul etməyə borcludur.
Qərarın dərcindən sonra 8 həftə ərzində Azərbaycan müvəqqəti tədbirlərin həyata keçirilməsini təmin etmək üçün atacağı addımlar barədə məhkəməyə hesabat təqdim etməlidir.
ER Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəsi 28 sentyabr 2023-cü il tarixdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə “Ermənistan Azərbaycana qarşı” işi çərçivəsində baxılan müvəqqəti tədbirin tətbiqi xahişi ilə ərizə təqdim edib.







