
İran və Hindistan Şimal-Cənub dəhlizi çərçivəsində sıx əməkdaşlıq edir, biz Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Ermənistanla işləməyə hazırıq. Bu barədə “Yeni regional reallıqlar” və “Sülh kəsişməsi” konfransında Hindistanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha bildirdi.
Onun sözlərinə görə, qlobal inkişafın Asiya istiqamətində hərəkəti regional qarşılıqlı asılılıq üçün züsusi əhəmiyyət yaradır.
“Hindistan hökuməti bunu dərk edərək Şimal-Cənub dəhlizinin bir hissəsi ola biləcək Çabahar limanının inkişafı layihəsinə start verib. Ermənistan həmin layihədə iştirak etməkdə maraqlı olduğunu bildirib.
Biz Ermənistanın dənizə çıxışı olmadığını nəzərə alaraq, Çabahar limanından istifadə etmək və asılılığını azaltmaq istəyini alqışlayırıq. Hindistan Ermənistanın yol infrastrukturunun inkişafında iştirak etməyə hazırdır. Ermənistan və Hindistan arasında əlaqələrin çoxəsrlik tarixi var və bu əlaqələrin inkişafına töhfə verən yer İran olub”, – səfir qeyd edib.
O xatırladıb ki, erməni xadim Şahamir Şahamiryan 1771-ci ildə Madrasda müstəqil Ermənistanın gələcək konstitusiyasının mətninin yazıldığı çap evi təsis edib.
“Tarixi əlaqələr bu gün əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır. Dünya dəyişir və qarşılıqlı asılılıq yeni dünya nizamının mühüm komponentlərindən birinə çevrilir. Aprel ayında Yerevanda İran, Hindistan və Ermənistan arasında siyasi dialoqlar baş tutub. Məsləhətləşmələrin əsas ideyası qarşılıqlı asılılıq idi”, – deyə o, yekunlaşdırıb.







