
Ermənistan Azərbaycan və Türkiyə ilə sərhəddə 7 nəzarət-buraxılış məntəqəsi yaratmağa hazırdır.
Bunu Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin Yerevanda keçirilən toplantısında deyib.
Sanosyan qeyd edib ki, Ermənistan Respublikasının, eləcə də region ölkələrinin tranzit potensialını artırmaq, region ölkələri arasında yeni əlaqələr yaratmaq, regionda uzunmüddətli və sabit sülhün bərqərar olması üçün Ermənistan oktyabrın 26-da Tbilisi beynəlxalq konfransı zamanı “Sülhün kəsişməsi” proqramını təqdim etdi.
Nazirin sözlərinə əsasən, ER Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərində yeddi nəzarət-buraxılış məntəqəsi yerləşdirməyə, dörd dəmir yolu hissəsini bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin etməyə, o cümlədən Ermənistan-Türkiyə sərhədində 2, Ermənistan-Azərbaycan sərhədində də 5 keçid məntəqəsi quraşdırmağa hazırdır.
“Ermənistan “Sülh kəsişməsi” proqramı vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Şərq-Qərb Nəqliyyat Dəhlizi layihələri çərçivəsində region ölkələri ilə nəqliyyat əlaqələrini təmin edəcək bütün infrastrukturları tikməyə və bərpa etməyə hazır olduğunu bəyan edir”, – nazir əlavə edib.
Nazir Sanosyan qeyd edib ki, bu gün qlobal iqtisadi mühitdə inkişaf etməkdə olan ölkələrin rolu artmaqda davam edir, iqtisadi və sosial təminat məsələləri gündəmdədir. Bu kontekstdə Ermənistan iqtisadi inkişafın yeni gündəliyini hazırlayır ki, bu da ölkənin hazırkı şəraitdə imkanlarının dəqiq qiymətləndirilməsini, resursların məqsədyönlü istiqamətləndirilməsini və idarə olunmasını, xarici təsirlərə tab gətirmək üçün sabit təminatların formalaşdırılmasını tələb edir.
O qeyd edib ki, Ermənistan bir sıra iri infrastruktur strateji layihələrin təşəbbüskarı olub və artıq həyata keçirməkdədir. “Şimal-Cənub magistralının tikintisi nəqliyyat sisteminin inkişafı üçün prioritet istiqamətimizdir. O, ölkənin cənubunu şimala birləşdirəcək, qonşu ölkələrlə beynəlxalq standartlara cavab verən nəqliyyat rabitəsini təmin edəcək”.
Nazir qeyd edib ki, 2018-ci ildən başlayaraq Ermənistanın yol şəbəkəsi böyük sürətlə təkmilləşdirilir və modernləşdirilir, bir çox yollar əsaslı təmir və yenidən qurulur.
“Sülh kəsişməsinin” prinsiplərindən biri odur ki, bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər və elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməlidir.
Hər bir ölkə öz dövlət departamentləri vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirməli, habelə insanların, malların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edilməlidir.







