Ermənistan elektromobillərin birgə istehsalını təşkil etmək üçün bir sıra ölkələrlə danışıqlar aparır

22022-2023-cü illərdə bəzi güzəştlər elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalına da şamil edilib. Nəticələr qənaətbəxş olduğu üçün onların qüvvədə olma müddətinin iki il uzadılması qərara alınıb.
ER İqtisadiyyat Nazirliyinin Ticarət və İnteqrasiya İdarəsinin rəisi E. Movsisyan bildirib ki, 2022-ci ildə Ermənistana elektrik mühərrikli 3485 avtomobil idxal edilib, bu da 2021-ci illə müqayisədə 1,8 dəfə, 2020-ci ilə nisbətən isə 12,1 dəfə artıb.
“2023-cü il dekabrın 1-nə Ermənistana idxal olunan elektromobillərin sayı 4909 ədəd olub. Bu, onu göstərir ki, bu sahədə ciddi nəticə əldə etmişik. Başqa sözlə, Ermənistana gətirilən və istifadə edilən bu avtomobillərin sayı hər il kəskin şəkildə artır”, – Emma Movsisyan bildirib.
Nazirlikdən bildirilib ki, avtomobillərin böyük əksəriyyəti Ermənistana Birləşmiş Ərəb Əmirliklərindən, daha sonra ABŞ, Çindən, müəyyən miqdarda isə İran və Gürcüstandan gətirilir.
“Avtomobillərin istehsal tarixlərindən danışsaq, deyə bilərik ki, istehlakçılar ümumiyyətlə daha yeni avtomobillərə üstünlük verirlər. Burada deyə bilərik ki, idxal olunan avtomobillərin böyük əksəriyyəti 2021-2023-cü illərdə istehsal olunub.
Əsasən Volkswagen ID.4, Volkswagen ID.6, Honda, Tesla, orta seqmentdə – Nissan LEAF, Chevrolet Volt idxal olunur”,- o bildirib.
Bu təşəbbüsün məqsədi əsasən Ermənistan hökumətinin qəbul etdiyi yaşıl iqtisadiyyat siyasətinin müddəalarını həyata keçirməkdir. Emma Movsisyan qeyd edib ki, bu avtomobillərin idxalı nəticəsində müvafiq infrastrukturlar da inkişaf edir, enerji doldurma məntəqələrinin sayı artaraq 200-ə çatıb, təmir məntəqələri artır ki, bu da özü ilə müvafiq investisiyalar və iş yerləri yaradır.
“Gələcəkdə Ermənistanda məşhur brendlərlə birgə istehsalların təşkilini də nəzərdən keçiririk. Bu kontekstdə biz hazırda bəzi ölkələrlə danışıqlar mərhələsindəyik”, – Emma Movsisyan bildirib.







