BaşlıcaSiyasət

Həm İsrailin soyqırım addımları, həm də Türkiyənin bu addımlara tənqidi münasibəti eyni dərəcədə pislənilməlidir: Daşnaktsutyun

Həm İsrailin soyqırım addımları, həm də Türkiyənin bu addımlara tənqidi münasibəti eyni dərəcədə pislənilməlidir. Bu barədə Daşnaktsutyun Partiyasının Yaxın Şərq Komitəsi bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, yanvarın 11-də Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın Qəzza zolağında soyqırım törətdiyinə görə İsrailə qarşı iddiasının dinləmələri başlayıb. Türkiyə də daxil olmaqla bir sıra ölkələr Cənubi Afrikanın təşəbbüsünü dəstəklədiklərini bildiriblər.

“Soyqırım törədən Türkiyənin Erməni Soyqırımında üzərinə düşən məsuliyyəti öz üzərinə götürənə və erməni xalqına təzminat ödəməyənə qədər digər ölkələri soyqırım cinayətində ittiham etməyə haqqı yoxdur.

Bizim üçün İsrailin özünümüdafiə adı altında Fələstin xalqına qarşı soyqırım addımları, eləcə də Türkiyənin bu addımlara tənqidi münasibəti eyni dərəcədə qınaq obyektidir. Türkiyənin İsrailə münasibəti də saxtadır, çünki Türkiyə simvolik diplomatik addımlardan başqa İsraillə ticarət əlaqələrini davam etdirir, hətta İsrail ordusunun ehtiyaclarını belə təmin edir.

İsrailin davranışına qarşı tənqidi və pisləyici bəyanatlar verən Türkiyə nəinki erməni xalqına qarşı törətdiyi soyqırımı inkar edir, həm də Artsaxa və ümumilikdə erməni xalqına qarşı bu son soyqırım addımlarında Azərbaycana dəstək verir. Məhz bu Türkiyə kürd xalqının hüquqlarını və bir sıra qonşu dövlətlərin ərazi bütövlüyünü pozmaq üçün güc tətbiq etməkdə davam edir.

Digər tərəfdən, İsrail bu günə kimi Erməni Soyqırımını tanımır, Azərbaycanın Artsaxa qarşı törətdiyi soyqırımda da şərikdir və Azərbaycanı silah və sursatla təmin etməkdə davam edir, bunun hədəfi isə Ermənistan Respublikasıdır.

Biz İsrailin bu davranışını pisləyirik. Davamlı qan tökülməsi hərbi əməliyyatların coğrafi genişlənməsini, eləcə də regionda sabitliyi təhdid edir. Hərbi əməliyyatları və humanitar fəlakəti dayandırmaq üçün sürətli addımlar atmaq və hər iki tərəf üçün məqbul həllin sülh yolu ilə nizamlanma prosesinə başlamaq lazımdır”.

Daha çox göstər
Back to top button