
Ukrayna prezidenti Volodimir Zelenski hələ də Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının istefası ilə bağlı sərəncam imzalamayıb, lakin belə bir senari hələ də mümkündür. Bununla bağlı Qərb mediası məlumatlar yayıb.
“Ukraynanın ən məşhur simalarından birinin vəzifəsindən qovulması çox mübahisəli və Ukraynanın Rusiya ilə münaqişəsində dönüş nöqtəsi olacaq. Hələlik cənab Zelenski generalın əvəzlənməsi barədə açıqlama verməyib. Amma bu, o demək deyil ki, general Zalujnı üçün təhlükə yoxdur, sadəcə ola bilər ki, onun əvəzedicisi hələ müəyyən edilməyib”, – “The Economist” yazır.
“The Economist”in məlumatına görə, yanvarın 29-da Zalujnıya Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsi təklif olunub, lakin o, bundan imtina edib.
Danışıqlarla tanış olan dörd FT həmsöhbətinin sözlərinə görə, Zelenski Zalujnıya müdafiə məsələləri üzrə müşavir vəzifəsini təklif edib. Onlardan ikisi bildirib ki, Zelenski Zalujnıya bu vəzifəni qəbul edib-etməməsindən asılı olmayaraq, hazırkı vəzifəsindən qovulacağını açıqlayıb. Dörd FT həmsöhbəti bildiriblər ki, Zelenskinin ofisi Zalujnını qovulması barədə qərar qəbul etsə də, planlar barədə Ukrayna mətbuatında xəbərlər yayıldıqdan sonra o, bir müddət işdən çıxarılmaya bilər. Dörd mənbə bildirib ki, Zalujnını baş komandan kimi kimin əvəzləyəcəyi bəlli deyil. FT mümkün namizədlər kimi Zelenskiyə yaxın olan Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski və Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanovun adını çəkir.
BBC-nin məlumatına görə, Volodimir Zelenski, Valeri Zalujnı və müdafiə naziri Rustem Umerov bazar ertəsi Prezident ofisində ofisin rəhbəri Andrey Yermaksız görüşüb. Görüş sakit tonda keçib, prezident bildirib ki, o, Ukrayna Silahlı Qüvvələrinin baş komandanını vəzifəsindən azad etmək qərarına gəlib və yaxın vaxtlarda bu barədə sərəncam imzalanacaq. BBC-nin məlumatına görə, Zelenski son aylarda Zalujnını bir neçə dəfə vəzifədən kənarlaşdırmağa yaxın olub. Yanvarın 29-da prezidenti baş komandana bunun qaçılmazlığı barədə məlumat verməyə nəyin vadar etdiyi dəqiq məlum deyil.







