
Rusiya ilə Ukrayna arasındakı münaqişəyə gəlincə, Ermənistanın təsəvvürü belədir ki, Alma-Ata bəyannaməsi Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş respublikaların müstəqilliyinin və ərazi bütövlüyünün tanınması üçün əsasdır.
“Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan Münhen və qonşu regionlardakı erməni icmasının nümayəndələri ilə görüşündə Ermənistanın Ukrayna məsələsində mövqeyinin necə olması sualını cavablandırarkən deyib.
“Çətin vəziyyətdir, bizim mövqeyimiz də çətindir. Biz Alma-Ata bəyannaməsini qəbul edirik, lakin bu, təkcə bizim üçün deyil. Alma-Ata bəyannaməsi Sovet İttifaqının 13 respublikası, o cümlədən Rusiya və Ukrayna tərəfindən qəbul edildi. Yeri gəlmişkən, onlar bunun təşəbbüskarlarıdır, çünki Belovejski müqaviləsi ilə Rusiya, Ukrayna və Belarus qərara gəldilər ki, Sovet İttifaqı artıq mövcud deyil və onlar müstəqil dövlətlərə çevrilirlər və bir-birlərinin sərhədlərini tanıyırlar.
Ukrayna ilə bağlı təsəvvürümüz ondan ibarətdir ki, Alma-Atanın bəyannaməsi respublikaların müstəqilliyinin və ərazi bütövlüyünün tanınması üçün əsasdır. Bizim məntiqimizə görə, eyni şey Ukrayna məsələsində də keçməlidir, çünki o kağız hamımıza aiddir. Əgər onu məhv etsək, hər şeyi məhv edirik.
Mən çoxdan dedim ki, Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil və bu, bizim səmimi mövqeyimizdir. Mən bu barədə ilk dəfə iki il əvvəl danışdım və biz çox təəssüf edirik ki, bu vəziyyətə heç bir təsir göstərə bilmirik. Ukrayna xalqı bizim dost xalqımızdır”, – deyə Paşinyan yekunlaşdırıb.







