
Ermənistan üçün AB vizalarının liberallaşdırılması istiqamətində işlər davam etdiriləcək.
Bu barədə AB-nin Ermənistandakı missiyasının rəhbəri, səfir Vasilis Maraqos AB-nin Ermənistandakı Monitorinq missiyasının fəaliyyətinin 1 illiyi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
“Biz bu məsələnin həyata keçirilməsində qətiyyətliyik. İrəli getmək üçün bütün üzv ölkələrin bizi dəstəkləməsi vacibdir. Biz başa düşürük ki, viza rejiminin liberallaşdırılması Ermənistan hakimiyyəti və Ermənistan vətəndaşları üçün önəmli məsələdir” – deyə Maraqos bildirib.
Səfir xatırladıb ki, ötən həftə Brüsseldə AB-nin ali nümayəndəsi Borrell və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan yeni tərəfdaşlıq gündəmini irəli sürmək üçün yeni təşəbbüslə çıxış ediblər.
“Bu məsələ eyni kontekstdə müzakirə olunur. Bu istiqamətdə işlər davam etdiriləcək. Amma biz əmin olmalıyıq ki, bütün üzv dövlətlər bu məsələdə həmfikir olsunlar” – deyə o, qeyd edib.







