
Sülh müqaviləsinin imzalanması konsensusa nail olmaq üçün əlavə vaxt tələb edərsə,Ermənistan ikitərəfli silahlara nəzarət mexanizmi və təcavüz etməmək paktı imzalamağı təklif edir. Bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Silahsızlanma üzrə Konfransında çıxışı zamanı bildirib.
«Ermənistan müşahidəçi ölkə kimi qlobal səviyyədə silahsızlanma səylərinin təşviqinə yönəlmiş məsləhətləşmələrdə, müzakirələrdə və təşəbbüslərdə fəal iştirak etmək istəyir. Biz silahlara nəzarət və yayılmama sahələrində beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə sadiqliyimizi və onun əsasını təşkil edən strukturlara davamlı dəstəyimizi bir daha təsdiq edirik.
Ermənistan Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin tam və səmərəli icrasına dəstəkyini bir daha təsdiqləyir. Nüvə silahlarının yayılmamasının fəal tərəfdarı kimi biz Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Təminat Müqavilələrinə və Əlavə Protokola tam əməl etdiyimizi bir daha təsdiqləyirik.
Biz Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini nüvə silahının yayılmaması və tərksilahın qlobal rejimi üçün əvəzsiz sütun və alət hesab edirik.
21-ci əsrin təhdid və çağırışlarına cavab vermək üçün potensial münaqişələrin qarşısını almaq və insanların həyatını xilas etmək üçün yeni beynəlxalq tənzimləmə alətləri və ya mexanizmləri vacibdir. Bu baxımdan biz hesab edirik ki, bizim birgə səylərimiz təkcə əldə etdiklərimizi qorumaq və inkişaf etdirmək deyil, həm də sürətli texnoloji tərəqqilərə, xüsusən də süni intellekt, öldürücü avtonom silah sistemləri və ya pilotsuz uçuş aparatları texnologiyası sahəsində uyğunlaşmaya yönəldilməlidir.
Ermənistan münaqişələrin dağıdıcı təsirini yaxşı başa düşür. Bu ağrılı keçmiş bizi münaqişələrin sülh yolu ilə həllində, güc və ya güc təhdidinin istisna edilməsində, nəzarətsiz və kütləvi silahların əldə edilməsinin qarşısının alınmasının xeyrinə çıxış etməyə sövq edir.
Silahlara nəzarət rejimlərinin dağılması vakuumda baş vermir. Bu, adətən, illərlə əsas müqavilə və sənədlərə əməl edilməməsinin, eləcə də BMT Nizamnaməsinin güc və ya güc tətbiq etmək hədəsini istisna etmək, beynəlxalq sülhün və təhlükəsizliyin və yaxşılığın qorunması kimi mühüm prinsiplərinə biganəliyin nəticəsidir.
Məhz belə bir şəraitdə Azərbaycan 2020-ci ildə Dağlıq Qarabağa qarşı amansız müharibəyə başlamış, Ermənistanın suveren ərazisinə zorla daxil olmuş və 2023-cü il sentyabrın 19-da 108 mindən çox yerli ermənini öz ata-baba yurdlarından etnik təmizləməyə məruz qoymuşdur.
Ümumiyyətlə, Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti qeyri-sabit olaraq qalır, çünki Azərbaycan Ermənistan Respublikasına qarşı təcavüzkar siyasətindən əl çəkmir. Regionumuzda sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlı əvvəlcədən razılaşdırılmış prinsiplərdən geri çəkilən Azərbaycan Ermənistan Respublikasına yeni ərazi tələbləri irəli sürməkdə davam edir.
Bütün bunlara baxmayaraq, Ermənistan hökuməti regionumuzda sülh və sabitliyin, eləcə də Ermənistan və Azərbaycan arasında etimadın və inamın bərqərar olması üçün həqiqi səylərini davam etdirir.
Bu məqsədlə biz Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların eyni vaxtda çıxarılmasını və sərhədyanı ərazilərin demilitarizasiyasını təklif etdik.
Sülh müqaviləsinin imzalanması konsensusa nail olmaq üçün əlavə vaxt tələb edərsə, Ermənistan ikitərəfli silahlara nəzarət mexanizmi və təcavüz etməmək paktı imzalamağı təklif edir. Bütün bu təkliflərin indiyədək Azərbaycan tərəfindən məhəl qoyulmamasına və ya rədd edilməsinə baxmayaraq, biz səylərimizi davam etdirmək əzmindəyik.
Silahlara nəzarət və silahların yayılmaması arxitekturası hamı üçün daha təhlükəsiz həyatı təmin etmək üçün yaradılmışdır. Bunu birgə səylər, kompromislər və siyasi iradə olmadan etmək olmaz. Biz hesab edirik ki, qarşılıqlı hörmətə əsaslanan dialoq və əməkdaşlıq effektiv silahsızlanma səylərinin təməl daşlarıdır. Ermənistan üzləşdiyimiz çağırışların öhdəsindən gəlmək üçün təcrübə, bilik və resursları bölüşərək üzv ölkələrlə əməkdaşlığa hazırdır”,- Mirzoyan çıxışında vurğulayıb.







