BaşlıcaSiyasət

Azərbaycan hökumətinin azadlıqlara qarşı təzyiqləri güclənib: Amnesty International

Amnesty International təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2023-cü ildə insan hüquqları pozuntularının geniş yayıldığını vurğulayır.

155 ölkəni əhatə edən hesabatda artan silahlı münaqişələrdə dövlətlər və silahlı qrupların tez-tez qanunsuz hücumlar və qətllər törətdiyi bildirilir.

Hesabat müəllifləri qeyd edir ki, bütün dünyada hakimiyyətlər ifadə, birləşmə və dinc toplaşma azadlıqlarına təzyiqlər etməklə, etirazçılara qarşı qeyri-qanuni güc tətbiq etməklə, hüquq müdafiəçilərini, siyasi rəqiblərini və digər fəalları əsassız yerə həbs etməklə, bəzən onlara işgəncə verməklə və başqa cür pis rəftar etməklə müxalif fikirləri sıxışdırır.

Hesabatın Azərbaycanla bağlı hissəsində ötən ilin sentyabrında Dağlıq Qarabağdakı hərbi əməliyyat nəticəsində etnik erməni əhalinin əksəriyyətinin bölgəni tərk etməyə məcbur qaldığı qeyd edilir.

Amnesty International Azərbaycan hakimiyyətinin hərbi qələbədən istifadə edərək öz idarəçiliyini daha da möhkəmləndirdiyini və tənqidçilərə qarşı təzyiqləri artırdığını bildirir.

Hesabata əsasən, ötən bir il ərzində hökumətin ifadə azadlığına qarşı təzyiqləri güclənib, dinc etiraz aksiyaları sıxışdırılıb, media orqanlarının və müstəqil təşkilatların işi əsassız olaraq məhdudlaşdırılıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar gördükləri işlərə görə həbs ediliblər.

“Abzas Media” hökumətə qarşı korrupsiya ittihamları barədə xəbər dərc etdikdən sonra təşkilatın direktoru Ülvi Həsənli və onun iş yoldaşları Sevinc Vaqifqızı, Nərgiz Absalamov və Məhəmməd Kekalovla birgə, araşdırmaçı jurnalist Hafiz Babayev qaçaqmalçılıq ittihamları ilə həbs edilib”, hesabatda qeyd edilir.

Hesabatda Azərbaycanda dinc toplaşma azadlığının vəziyyətinə toxunularaq qeyd edilir ki, hakimiyyət vətəndaşların dinc toplaşma azadlığını ədalətsiz şəkildə məhdudlaşdırmaqdadır.

Bu baxımdan ötən il iyunun 20-də polis Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin qızıl mədəninin planlaşdırılmış genişləndirilməsinə qarşı keçirdikləri dinc ekoloji etiraz aksiyasının zorakılıqla dağıdılmasından bəhs edilir.

Bildirilir ki, dinc etirazlar zamanı təxminən on nəfər yaralanıb, çoxsaylı etirazçı, habelə hadisələri işıqlandırmağa çalışan jurnalistlər saxlanılıb, kəndə giriş məhdudlaşdırılıb və yalnız yerli sakinlərin və hökumətyönlü media qurumlarının girişinə icazə verilib.

Daha çox göstər
Back to top button