
Demək olar ki, Ermənistanla Azərbaycan arasında Tavuş bölgəsi və Qazax bölgəsində delimitasiya prosesi başa çatıb.
“Armenpress”in məlumatına görə, bunu jurnalistlərlə söhbətində Parlamentin sədri Alen Simonyan deyib.
“Bütün dünya və müxtəlif ölkələr bu prosesi müsbət qarşıladı. Biz Ermənistanla Azərbaycan arasında həmin hissənin delimitasiyası prosesini başa çatdırmışıq və dayaq nöqtəsi yaratmışıq, sərhədin bərpası üçün gələcəkdə istifadə olunacaq bəzi prinsiplər müəyyən etmişik”, – Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan aydın xəritə seçiblər ki, onun altında həm Azərbaycan, həm də Ermənistan tərəfindən təsdiq edilmiş hüquqi baza mövcuddur.
“Ermənistan Respublikasının sərhədi Ermənistan Respublikasının müstəqillik qazandığı zaman olduğu sərhəddir. Burada biz Alma-Ata bəyannaməsinə qayıdırıq, burada bildirilir ki, Ermənistan Respublikası və həmin sənədi imzalayan digər respublikalar, o cümlədən Azərbaycan öz inzibati rayonları ilə müstəqil olurlar.
Həmin hissə ilə biz əsasları qoyduq və ikitərəfli qaydada məqbul olan prinsiplər əldə etdik və həmin prinsiplərə əsaslanaraq sərhədləri ayırdıq ki, bu da yaxşı nümunədir və bütün dünya ölkələri tərəfindən qəbul edilib”, – deyə Simonyan yekunlaşdırıb.







