
Ermənistan NATO-nun Vaşinqtonda keçirilən sammitində tərəfdaşlar formatında və təşkilatın 75 illiyi ilə bağlı tədbirlərdə iştirakını təsdiqləyib.
Bu barədə ER Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistə verdiyi müsahibəsində Ermənistanın NATO sammitində iştirak etmək üçün ABŞ-dan dəvət alıb-almaması və əgər belədirsə, Ermənistanın cavabı necə olacaq sualına cavab verib. .
“Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində tərəfdaşlar formatında və təşkilatın 75 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün dəvət alıb və iştirakını təsdiqləyib. Hazırda başqa razılaşma yoxdur” – deyə Badalyan bildirib.
Bir müddət əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Azərbaycanda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ Azərbaycan və Ermənistanı Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində tərəfdaşlar görüşünə dəvət edib.
Xatırladaq ki, NATO sammiti iyulun 9-da Vaşinqtonda keçiriləcək.







