BaşlıcaSiyasət

AXCP Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edəcək.

“Ölkədə 300 nəfərdən artıq siyasi məhbusun hələ də azad edilmədiyini, sərbəst toplaşmaq azadlığının qadağan edildiyini, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olduğunu, səsvermə və səslərin sayılması prosesinə nəzarətin mümkün olmadığını, azad mətbuatın məhv edildiyini, seçkilərin müstəqil yerli müşahidəçilər tərəfindən minitorinqinə imkan verilmədiyini, azad rəqabət və seçki mühitinin olmadığını nəzərə alaraq 1 sentyabr 2024 -cü il tarixinə təyin olunmuş Milli Məclisə növbədənkənar seçki boykot edilsin”,- AXCP Ali Məclisinin qərarında qeyd olunur.

Ali Məclis 3 ay ərzində AXCP-nin növbədənkənar qurultayının çağırılması haqqında da qərar verib. 

AXCP sədri Əli Kərimli qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanun hökumətə siyasi partiyaların işlərinə qarışmaq üçün əlavə səlahiyyətlər verib. 

Qeyd edək ki, indiki anadək AXCP sentyabrın 1-də keçiriləcək parlament seçkilərini boykot edəcək yeganə siyasi partiyadır. AXCP 2015 və 2020-ci ildə də Milli Məclis seçkilərini boykot edib. Müsavat və Respublikaçı Alternativ (ReAl) partiyaları seçkilərdə iştirak edəcəklər.

Xatırladaq ki, iyunun 28-də Azərbaycan prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Əliyev növbədənkənar parlament seçkilərini 2024-cü il sentyabrın 1-nə təyin edib.

Daha çox göstər
Back to top button