
İyulun 16-da Baş nazirin müavini Tiqran Xaçatryan ABŞ dövlət katibinin müavini Uzra Zeyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ABŞ-ın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin də iştirak edib. Bu haqda məlumatı hökumətin mətbuat xidməti yayıb.
Dövlət katibinin müavininin Ermənistana səfərini salamlayan Baş nazirin müavini Tiqran Xaçatryan Ermənistan-ABŞ ikitərəfli münasibətlərində demokratik dəyərlərə və qarşılıqlı olaraq müəyyən edilmiş prioritetlərə əsaslanan davamlı tərəqqinin vacibliyini vurğulayıb.
Görüşdə tərəflər korrupsiyaya qarşı mübarizə və demokratik dəyərlərin möhkəmləndirilməsinə yönəlmiş proqramların icrasının davam etdirilməsinin vacibliyi və zəruriliyindən danışıblar.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə yanaşı, Dağlıq Qarabağdan məcburi köçkünlərin mənzil təminatı və məşğulluq proqramları üzrə davam edən işləri və bu istiqamətdə mümkün əməkdaşlığı müzakirə ediblər.







