
Ermənistan və Çin arasında Urumçi-Yerevan -Urumçi istiqamətində birbaşa uçuşlar açılıb. “Zvartnots” Yerevan Beynəlxalq Hava Limanında Çindən gələn təyyarənin təntənəli qarşılanması olub.
ER ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərlə söhbətində Çinlə Yerevan arasında ilk dəfə hava əlaqəsinin qurulduğunu nəzərə alaraq bu uçuşu tarixi adlandırıb.
Onun sözlərinə görə, bu, ardıcıl siyasətin nəticəsidir. “Bu marşruta böyük tələbat var və bu, Ermənistandan Çinə və ya əksinə uçmaq istəyən insanların həyatını asanlaşdıracaq və xeyli vaxta qənaət edəcək” – deyə o, bildirib.
Çinin Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Çen Minq öz növbəsində bunu iki ölkə arasında dostluq münasibətlərinin yeni səhifəsi adlandırıb. O, qeyd edib ki, birbaşa uçuşlar daha çox insanı Ermənistandan Çinə və əksinə səyahət etməyə sövq edəcək.
“Birbaşa uçuşlar hava körpüsü yaradır və iki qitəni birləşdirir. Bu, ikitərəfli səfərlər üçün imkan yaradır və iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişafı üçün ilkin şərtlər yaradır.
“Ermənistan Çinin mühüm tərəfdaşıdır, Transqafqazda “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır və layihəyə ilk qoşulan ölkələrdən biridir” – deyə diplomat əlavə edib.
China Southern Airlines-in Sincan filialının baş menecerinin müavini Ye Daan birbaşa uçuşların ticarət və iqtisadi əlaqələrin gücləndirilməsinə kömək edəcəyinə inandığını bildirib.
“Hər iki ölkənin sakinləri cəmi 5 saat ərzində bir ölkədən digərinə gedə biləcəklər. Ümid edirik ki, iki ölkənin biznes nümayəndələri bazarların genişlənməsində fəal iştirak edəcəklər” – deyə o əlavə edib.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində Ermənistana 11500 çinli turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% çoxdur.
Son illər ölkələr viza rejimini təkmilləşdiriblər. İki ölkənin turizm şirkətlərinin nümayəndələri turizm əlaqələrinin gücləndirilməsi üçün hər cür şəraitin olduğuna inandıqlarını bildiriblər.
Ermənistanın turizm şirkətlərindən birinin nümayəndəsi Razmik Karapetyan göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əməkdaşlığın səviyyəsinin gücləndirilməsini vacib hesab edib.
Çinin turizm şirkətlərindən birinin nümayəndəsi Çen Hui Ermənistanı təbiəti, mətbəxi və insanları ilə maraqlı adlandırıb.
“Ermənistanın zəngin və qədim tarixi var. Çinli turistlər bu ölkəni kəşf etməyə maraq göstərəcəklər” – deyərək o, yekunlaşdırıb.







