
Ermənistan təhlükəsizliklə bağlı münasibətlərini müəyyən qədər şaxələndirir. “Armenpress” xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan ikinci Dünya Erməni Sammitində təhlükəsizlik mühitinə baxışa toxunaraq deyib.
“Bu yaxınlarda çox mühüm qərar qəbul edildi: Avropa İttifaqı, Avropa Sülh Fondu Ermənistana dəstək verdi, bu, pul və texniki baxımdan sırf simvolikdir, lakin böyük əhəmiyyət kəsb edir. Biz müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq edirik. Biz həm də peşəkar ordu yaradırıq”, – Paşinyan vurğulayıb.
Baş nazir Azərbaycan hökumətinin, xüsusən də Ermənistanın Fransadan silah alması ilə bağlı verdiyi bəyanatlara da toxunub: “Bilirsiniz, nə maraqlıdır. Deyirlər ki, Qərb Ermənistanı silahlandırır. Bağışlayın, Azərbaycan Çexiyadan, Slovakiyadan, İtaliyadan silah alır, nə vaxtdan o ölkələr Qərb deyil. Niyə Azərbaycan İtaliyadan, Çexiyadan, Slovakiyadan silah ala bilər, amma Ermənistan Fransadan silah ala bilməz? Niyə Azərbaycan Pakistandan silah ala bilər, Ermənistan isə Hindistandan ala bilməz?”, – Paşinyan bildirib. Baş nazir onu da xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin islahatlarında heç bir aqressiv kontekst yoxdur.
“Biz deyirik ki, bizim problemimiz 29 743 kvadrat kilometrlik suveren ərazinin qorunmasıdır, bu hüquq BMT Nizamnaməsi ilə təmin edilir. Üstəlik, Birləşmiş Millətlər Təşkilatının və digər beynəlxalq təşkilatların sənədləri dövlətin üzərinə öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək öhdəliyi qoyur. Və biz bu öhdəlikləri yerinə yetirəcəyik”, – Paşinyan yekunlaşdırıb.







