
Sentyabrın 30-da, Ermənistanda dünyanın ilk və ən böyük İran ticarət mərkəzi açıldı. Açılışda Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyan, digər rəsmi şəxslər, İrandan nazirlər və Ermənistandakı İran səfiri Mehdi Sobhanı iştirak ediblər.
Açılışda səfir Mehdi Sobhanı bəyan etdi ki, dünyanın ən böyük mərkəzini Ermənistanda açmaq onlar üçün böyük şərəfdir və bu, Ermənistanla ən dərin dostluğun sübutudur.
“Ola bilsin ki, İran ticarət mərkəzi sayəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələri yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrindəki münasibətlər iki ölkə xalqları üçün ciddi kapital yaradacaq.
İran və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi sürətlə artıb, ümid edirəm ki, bu mərkəzin açılması bunu daha da sürətləndirəcək. Biz bütün sahələrdə münasibətləri inkişaf etdirməyə qətiyyətliyik”, – deyə Ermənistan Respublikasındakı İran səfiri bəyan edib.
Onun sözlərinə görə, ölkələr arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək üçün güclü siyasi iradə mövcuddur.
“Hər iki ölkənin liderləri iki ölkə arasında ticarət dövriyyəsi üçün 3 milyard dollar həddini müəyyən ediblər və biz bunu reallığa çevirmək üçün bütün səylərimizi göstərməliyik”, – deyə o əlavə edib.







