
Ötən ilin göstəricilərinə əsasən, Ermənistan-İran ticarət dövriyyəsi kəskin artaraq artıq 700 milyon ABŞ dollarına çatıb. Bu barədə sentyabrın 30-da Yerevanda İran ticarət mərkəzinin açılışı zamanı Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bəyan edib.
“Biz yaxın gələcəkdə bu rəqəmi əvvəlcə 1 milyard dollara, daha sonra isə 3 milyard dollara çatdırmaq öhdəliyini götürmüşük. Tam əminliklə deyə bilərəm ki, məhz bu ticarət mərkəzi məqsədlərimizin həyata keçirilməsində çox mühüm rol oynayacaq” – deyə Papoyan qeyd edib.
Papoyan vurğulayıb ki, İran Ermənistan üçün sadəcə qonşu deyil, dost ölkə və dost xalqdır. Ölkələrimiz arasında çox sıx ticarət-iqtisadi və siyasi əlaqələr mövcuddur. Xalqlarımız bir-birini çox yaxşı tanıyır və bir-birinə qarşı çox isti münasibət bəsləyir.
Lakin iqtisadi əlaqələrin inkişafı üçün hələ də böyük, kəşf olunmamış potensial var. Bu platforma yeni sahələrin kəşf olunmasına və yeni keyfiyyətli əlaqələrin qurulmasına imkan yaradacaq. Mən istərdim ki, belə bir ticarət mərkəzi İranda, xüsusən də Tehranda da açaq” – deyə nazir qeyd edib.
Papoyan bildirib ki, Ermənistan hökuməti İran şirkətlərinin istehsal, infrastruktur və iqtisadiyyatın digər sahələrinə cəlb edilməsində maraqlıdır.







