BaşlıcaSiyasət

 Analitik  Livanda İsrailin son  əməliyyatlarını şərh edib

İsrail, mövcud geosiyasi və regional əlverişli vəziyyətdən istifadə edərək, təhlükəsizlik mühitini daha da yaxşılaşdırmağa çalışır.

Başqa sözlə, kifayət qədər ağıllı hesablayır ki, hazırda Fələstin HƏMAS-ı və Livanın “Hizbullah”ı kimi müxtəlif hərbiləşdirilmiş qruplaşmalara qarşı əməliyyatları ciddi cavabla qarşılanmayacaq.

Bu fikri journalist ilə söhbətində analitik Armen Petrosyan İsrailin “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsinə və Livan ərazisində həyata keçirdiyi əməliyyatlara toxunaraq bildirib.

“İsrailin hərəkətləri ABŞ, Rusiya və ya Avropanın bir çox mühüm və nüfuzlu dövlətlərinin də kəskin reaksiyası ilə qarşılanmır. İsrail tərəfi çox yaxşı başa düşür ki, belə əməliyyatlar, hərbiləşdirilmiş qruplaşmaların mövqelərinin zəiflədilməsinə yönəlmiş bu addımlar bütün əsas oyunçular tərəfindən qəbul edilir.

İsrail həm də zaman pəncərəsindən istifadə edir, çünki cari ilin sonuna qədər Birləşmiş Ştatlarda yeni hakimiyyət formalaşacaq və buna görə də, İsrail onu əhatə edən müxtəlif hərbi qruplaşmaları və onların vasitəsilə İranın regiondakı təsirini maksimum zəiflətməyə çalışır” – deyə Petrosyan bildirib.

Livanın son hadisələrini təhlil edən həmsöhbətimiz vurğulayıb ki, bu ölkədə mümkün əməliyyatlarla bağlı müzakirələr hələ bu ilin aprel-may aylarında başlanmışdı.

O vaxt İsrail tərəfi 2023-cü ilin oktyabrında Qəzza Zolağında başlamış hərbi əməliyyatlardan sonra Livanla sərhəd ərazini dəfələrlə hədəf alaraq cəza tədbirləri görmək ehtimalını nəzərdə tuturdu.

 Bu hadisələr nəticəsində on minlərlə insan köçürüldü və başqa yerlərə təxliyə olundu. Beləliklə, İsrail o zaman gələcək əməliyyatlar üçün zəmin hazırlamışdı.

“Sadəcə, ABŞ-ın səyləri ilə bu əməliyyatlar davamlı olaraq təxirə salınırdı, lakin indi ABŞ-da seçkiqabağı mərhələ başa çatır və ölkə seçki prosesinin son mərhələsinə daxil olur.

Buna görə də, bu zaman pəncərəsi İsrail üçün çox əlverişlidir ki, təhlükəsizliyini gücləndirmək üçün mümkün bütün istiqamətlərdə maksimum fayda əldə etsin” – deyə analitik əlavə edib.

Petrosyanın sözlərinə görə, aydın şəkildə başa düşmək lazımdır ki, İsrail ordusunun hərəkətləri Livana qarşı deyil, “Hizbullah”a qarşı yönəlib.

 Çünki bu qurum Livanda kifayət qədər nüfuzlu qüvvədir və faktiki olaraq dövlətdaxili dövlətə çevrilib. Üstəlik, onun nəzarət etdiyi ərazilər, çoxlu sayda tərəfdarları və döyüşçüləri, Livan silahlanmasından geri qalmayan silah anbarları var.

“Bütün dünyada, həmçinin Yaxın Şərqdə müharibədən qazanan oyunçular var. Söhbət xüsusilə regionda İranın rəqiblərindən gedir, çünki ”Hizbullah” bu ölkənin himayədarı olduğu təşkilat hesab olunur və İran onun vasitəsilə müxtəlif münaqişələrdə öz maraqlarını irəli sürməyə çalışır.

 Buna görə də digər rəqibləri – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Türkiyə bundan faydalanır, çünki İranın təsiri müəyyən qədər azalır.

Yeni dünya nizamında biz yeni regional münasibətlər və siyasət formatı ilə qarşılaşacağıq və burada hərbiləşdirilmiş qurumların təsiri maksimum dərəcədə azaldılacaq” – deyə analitik yekunlaşdırıb.

Daha çox göstər
Back to top button