MDB-yə üzv dövlətlərin XİN-I Şurasının iclasında Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə toxunub

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 7-də Moskvada MDB (Müstəqil Dövlətlər Birliyi) iştirakçı ölkələrinin Xarici işlər nazirləri şurasının iclasında iştirak edib.
Ermənistan Xarici nşlər nazirliyinin verdiyi məlumata görə, həm dar çərçivədə, həm də geniş formatda keçirilən iclasda MDB-nin gündəmində olan məsələlər müzakirə olunub.
İclasın nəticələrinə görə, Ermənistanın iştirakı ilə qəbul edilən sənədlərdən biri 2026-cı ildə Meğri şəhərinə “MDB-nin mədəniyyət paytaxtı” fəxri statusunun verilməsi qərarı olub. Mirzoyan bu qərara toxunaraq, Meğrinin qədim mədəniyyət irsini vurğulayıb.
Nazir həmçinin 2025-ci ildə İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə keçiriləcək tədbirləri də müzakirə edərək, erməni xalqının faşizmə, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizədəki rolunu qeyd edib.
Görüşdə regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub. Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, xüsusilə də sülh müqaviləsinin imzalanmasına yönəlmiş son dövrdəki əsas inkişaflara da diqqəti cəlb edib.







