
MDB Xarici işlər nazirləri şurasının oktyabrın 7-də keçirilən iclası çərçivəsində Ermənistan “Avrasiyada təhlükəsizliyin təmin olunması prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin tətbiqinin yolverilməzliyi” ilə bağlı bəyanatlara qoşulmayıb.
Alınan məlumata görə, bu barədə Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan mətbuatın suallarına cavab olaraq bildirib.
Daha öncə MDB İcraiyyə komitəsinin mətbuat xidməti məlumat vermişdi ki, oktyabrın 7-də keçirilmiş iclasda MDB ölkələrinin Xarici işlər nazirliklərinin rəhbərləri “Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi” haqqında birgə bəyanat qəbul ediblər və ölkələri bu cür tədbirləri qəbul etməkdən, yaymaqdan və tətbiq etməkdən çəkinməyə çağırıblar.
Bundan əlavə, komitənin saytında yayımlanan digər bir məlumata əsasən, “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” ilə bağlı daha bir bəyanat qəbul edilib.







