
Ermənistanın təqdim etdiyi “Sülh kəsişməsi” layihəsi zaman keçdikcə daha qlobal əhəmiyyət qazanır.
Alınan məlumata görə, ER Baş naziri Nikol Paşinyan “Sülh kəsişməsi” təhlükəsizliyi və demokratiyanı birləşdirmək” rəmziylə keçirilən konfransda bu əminliyi ifadə edib.
Paşinyan layihənin əhəmiyyətinin niyə getdikcə artdığı barədə danışıb. “Biz adətən layihəni regional məntiqlə qəbul edirik, lakin qlobal dəyişikliklər “Sülh kəsişməsi”layihəsinə qlobal əhəmiyyət verir” – deyə Baş nazir bildirib.
O, vurğulayıb ki, Ukraynada baş verən hadisələr səbəbindən malların və sərnişinlərin axını baxımından problemlər yaranıb.
Paşinyan xatırladıb ki, sənayecə yüksək inkişaf etmiş bölgələrdən Avropaya böyük axınlar olub, xüsusilə də həmin axınların əksəriyyəti Rusiya vasitəsilə Qərbə yönəlib.
Rusiya-Qərb sərhədinin keçid qabiliyyəti Ukraynada baş verən hadisələr, sanksiyalar və siyasi münasibətlərin mürəkkəbləşməsi səbəbindən əhəmiyyətli dərəcədə azalıb.
Və biz görürük ki, yüz milyardlarla dollar dəyərində malların axını yolunda problem yaranır. Buna görə də hazırda yüz milyardlarla dollar dəyərində mallar ən böyük bazarlara çatmaq üçün yeni yollar axtarır”- deyə Paşinyan bildirib.
O, əlavə edib ki, malların hərəkəti birtərəfli deyil, Şərqdən Qərbə olduğu kimi, Qərbdən də Şərqə doğru gedir. İndi yüz milyardlarla dollar dəyərində mallar Qərbə doğru yol axtarır.
“Odur ki, “Sülh kəsişməsi” layihəsi zaman keçdikcə regional mənadan daha çox qlobal əhəmiyyət qazanır” – deyə Baş nazir bildirib.
Nikol Paşinyan “Sülh kəsişməsi ” layihəsinin mənasını da açıqlayıb.
“Regionda Ermənistanın sərhədlərinin 70 və daha çox faizində durğun vəziyyət hökm sürür, sərhədlər bu malların axınının təmin edilməsində rol oynamır.
Və burada “Sülh kəsişməsi” layihəsinin mənası ondan ibarətdir ki, Ermənistan bu böyük iqtisadi axınların təmin edilməsində öz töhfəsini versin.
Üstəlik, Mərkəzi Asiya ölkələrinin idxal və ixrac baxımından tələbatları burada heç də ikinci dərəcəli əhəmiyyət kəsb etmir.
Əsas fikir ondan ibarətdir ki, Ermənistan həm Şərqdən Qərbə, həm Qərbdən Şərqə, həm Cənubdan Şimala, həm də Şimaldan Cənuba bu malların və xidmətlərin göstərilməsi yolunda öz xidmətlərini təklif etsin” – deyərək Paşinyan bildirib.







