
Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın təklif etdiyi “Sülhkəsişməsi” layihəsinin Azərbaycanı niyə narahat etdiyini izah edib.
Verilən məlumata görə, Paşinyan bu fikirləri “Sülh kəsişməsi: Təhlükəsizliyi və Demokratiyanı birləşdirmək” mövzusunda keçirilən konfrans çərçivəsində bildirib.
Paşinyan “Sülh kəsişməsi” layihəsinə dair Azərbaycanın mövqeyinə toxunaraq deyib: “Mənim təəssüratıma görə, bu layihə Azərbaycanı ona görə narahat edir ki, bu layihə Ermənistana on milyardlarla dollar qazanc gətirə bilər”.
Onun sözlərinə görə, bu fakt Azərbaycan üçün iki mümkün narahatlıq doğura bilər. “Birincisi, əgər Azərbaycan həqiqətən də strateji baxımdan düşünürsə ki, Ermənistanın Azərbaycana qarşı aqressiv planları var, bu, həmin on milyardlarla dolların Azərbaycana qarşı istifadə edilə biləcəyi kimi bir düşüncə yarada bilər.
Amma bunun əksi də var: Əgər Azərbaycanın Ermənistana qarşı aqressiv niyyətləri varsa, bu, Azərbaycanı narahat edə bilər ki, həmin on milyardlarla dollar Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün istifadə edilə bilər və Azərbaycan Ermənistanla bağlı aqressiv planlarını həyata keçirməkdə çətinlik çəkə bilər” – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Azərbaycanın əsas narahatlığı birinci məqamdırsa, bu, aradan qaldırılacaq bir narahatlıqdır. Ermənistan ən yüksək səviyyədə həyata keçirdiyi strateji siyasətlərlə sübut edir ki, nə Azərbaycan, nə də regiondakı digər ölkələrə qarşı aqressiv niyyəti yoxdur.
“Biz bütün qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və bununla bağlı hüquqi öhdəliklər götürməyə hazırıq.
Üstəlik, Ermənistan qeyd edib ki, hətta işğal olunmuş ərazilərini hərbi yolla geri qaytarmaq məsələsini gündəmə gətirmir, çünki sərhədlərin demarkasiyası prosesində Azərbaycanın imzaladığı sənəd, bu prosesin hüquqi və qanuni əsaslarla həyata keçirilməsi üçün bütün imkanları təmin edir.
Yəni biz qonşularımıza heç bir aqressiv niyyətimiz olmadığını göstərmək üçün bütün zəmanətləri yaradırıq və bu xətti davam etdirəcəyik” – deyərək Paşinyan qeyd edib







