
Ermənistan Parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı bəyan edib ki, Ermənistan və Azərbaycan sülhün bərqərar olması ilə bağlı razılığa gəlmək ərəfəsindədirlər.
“Sülhün bərqərar olmasına gəlincə, bildirmək istərdim ki, Ermənistan və Azərbaycan razılığa gəlmək ərəfəsindədir. Sülh prosesinin bir neçə ay əvvəl ciddi şəkildə başladığı kontekstdə Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə bizim razılaşmamızı istəyirdi. Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz 16 bənd üzrə razılığa gəlmişik.
Mükəmməl artıq yaxşının düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. İndi sülh zamanıdır. Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən istifadə etməyə və mümkün olanı reallığa çevirmək üçün bizə qoşulmağa dəvət edirik. Ermənistan bu gün də sülh sazişi imzalamağa hazırdır”, – Simonyan bildirib.







