
Oktyabrın 18-də İstanbulda regionun 6 ölkəsindən 5-nin Xarici işlər nazirləri görüşəcək. Gürcüstan “3+3” formatında keçirilən növbəti toplantıya qatılmayacaq, Ermənistan, Rusiya və İran artıq iştiraklarını təsdiqləyiblər.
Bu, 44 günlük müharibədən sonra Türkiyənin təşəbbüsü ilə yaradılan platformanın üçüncü görüşüdür. “3+3” formatında ilk iclas 2021-ci ildə Moskvada, ikincisi isə ötən il Tehranda keçirilib.
Regionun “3+3” platforması məsləhətçi xarakter daşıyır və İstanbulda keçiriləcək üçüncü iclasdan əvvəl politoloq Ara Poğosyan bu formatın səmərəliliyi ilə bağlı skeptikdir.
O, görüşdən gözləntilərinin olmadığını bildirir və düşünür ki, əsas müzakirə mövzusu kommunikasiya yollarının açılması olacaq.
“Digər regional oyunçulara qarşı olaraq göstərməyə çalışacaqlar ki, onlar regionda əsas rol oynayır və istəsələr, razılığa gələ bilərlər.
Lakin düşünürəm ki, “3+3” platformasının üçüncü iclası da məhsuldar olmayacaq, çünki regional problemlər və kommunikasiya yollarının açılması ilə bağlı ümumi konsensus yoxdur” – deyə politoloq qeyd edir.
O, əsas müzakirə mövzusunun regionda kommunikasiyaların açılması olacağını bildirir. İranın bu məsələdə Türkiyə, Azərbaycan və hətta müəyyən mənada Rusiya ilə ziddiyyətləri var.
Ermənistan XİN sözçüsü Ani Badalyan təsdiqləyib ki, Xarici işlər naziri Ararat Mirzoyan İstanbulda oktyabrın 18-də keçiriləcək “3+3” formatının üçüncü iclasında iştirak edəcək.
Rusiya XİN rəhbəri Sergey Lavrov da toplantıda iştirak edəcək.
Tehran əvvəlcədən Türkiyədə keçiriləcək regional formatda iştirak etməyə hazır olduğunu təsdiqləmişdi.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan, İordaniya XİN başçısı Ayman Safadi ilə Ankarada apardığı danışıqlardan sonra, region ölkələri ilə “3+3” formatında məsləhətləşmələri davam etdirdiklərini bildirmişdi.
Gürcüstan isə formatdan ilk gündən imtina edib, çünki Rusiya ilə ziddiyyətlər var. Tbilisi əvvəlki iki görüşdə iştirak etməyib və üçüncüsündə də iştirak etməyəcək.
Ara Poğosyan isə bu formatda olan ölkələrin ziddiyyətlərini nəzərə alaraq, hər hansı bir məsələ üzrə ümumi razılığa gəlməyi az ehtimal edir, lakin müəyyən bir mərhələdə bu platformanın vacibliyinin hiss ediləcəyini istisna etmir.
O, qeyd edir ki, gələcəkdə, yeni dünya düzəni qurulanda, bu platforma məhsuldar ola bilər və regionda bəzi problemlərin həllinə kömək edə bilər.
İranşünas Armen Vardanyan isə Ermənistanın bu formata qoşulmasını məqsədəuyğun hesab etmir və bu formatda iştirak edən ölkələrin əsl niyyətlərinin açıq olduğunu bildirir.
O, qeyd edir ki, formatda iştirak edən Rusiya, Türkiyə, İran və Azərbaycan Qərbi regiondan sıxışdırıb çıxarmaq və problemləri öz gücləri ilə həll etmək məqsədi güdürlər, bu isə Ermənistanın maraqlarına uyğun deyil.
“Sülh kəsişməsu” layihəsi də bu platforma üçün bir sınaq hesab olunur.







