
Ermənistan Respublikası parlamentinin Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyası “Ermənistan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin müddətinin uzadılması barədə” qanun layihəsinə müsbət rəy verib.
Oktyabrın 17-də layihəni birinci oxunuşda Ermənistanın müdafiə nazirinin müavini Arman Sarkisyan təqdim edib.
O, xatırladıb ki, 24 iyul 2000-ci il tarixində Vaşinqtonda Ermənistan hökuməti ilə ABŞ hökuməti arasında kütləvi qırğın silahlarının, eləcə də bu cür silahlarla birbaşa bağlı olan texnologiyaların, materialların, bilik və təcrübənin yayılmasının qarşısını almaq, nüvə, bioloji və kimyəvi silahların, eləcə də bu cür silahlarla birbaşa bağlı olan xammalın icazəsiz ötürülməsi, tranziti və daşınmasını qarşısını almaq məqsədilə saziş imzalanıb.
Onun sözlərinə görə, saziş 7 il müddətinə bağlanıb və bu müddət artıq iki dəfə uzadılıb. “2024-cü il mayın 2-də Yerevanda sazişin müddətinin 7 il müddətinə, 30 noyabr 2030-cu il tarixinədək uzadılması barədə razılıq əldə edilib” – deyə Sarkisyan bildirib.
Sazişdə nəzərdə tutulan və planlaşdırılan qayda və şərtləri ətraflı izah edərək əsas məruzəçi layihəyə lehinə səs verməyi təklif edib. Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiya sədrinin müavini Armen Xaçatryan layihədə problemli maddələrin olmadığını vurğulayıb və layihənin lehinə səs verməyi təklif edib







