BaşlıcaSiyasət

Reqion monitor: “Erdoğan Əliyevin diktəsi ilə hərəkət etməyə davam edəcəkmi?”

Yerevan-Ankara münasibətlərində tez-tez deyilir ki, Türkiyənin Ermənistan siyasəti Ankarada deyil, Bakıda müəyyən edilir.

Bu fikirlə təbii ki, çoxları razılaşmır və bəzilərində təbəssüm doğurur. Belə bir böyük dövlətin, yəni “Böyük iyirmilik”də (G20) yer alan və ərazisi və əhalisi ilə Azərbaycanı ən azı 8-9 dəfə üstələyən Türkiyənin siyasətinin başqa bir dövlət tərəfindən müəyyən edilməsi necə mümkün ola bilər?

 Bununla belə, bu ehtimal tamamilə istisna edilə bilməz, çünki eyni fikir və narazılıqların məhz Türkiyə daxilində də səsləndiyini görürük.

Son zamanlar türk mediasında maraqlı bir məqalə yayımlanıb.

Burada Azərbaycan və onun lideri “kiçik tərəfdaş, böyük maneə” kimi xarakterizə olunub.

 Məqalədə vurğulanır ki, Yerevan Ankara ilə münasibətləri tənzimləmək üçün iradə nümayiş etdirir və qətiyyətlidir, hətta Ankarada da bu prosesin baş tutmasını istəyirlər.

Ancaq… “Ancaq dostlar, Ermənistanla münasibətlərin tənzimlənməsi danışıqlarının nəticəsiz qalmasının səbəbi Azərbaycanın prezidenti Əliyevdir” –  deyə türk köşə yazarı Hürrəm Elmaşçın açıq şəkildə qeyd edir.

Elmaşçının fikrincə, Ankarada bu mövzuda narazılıqlar və tənqidlər getdikcə artır. “Bizim xarici siyasətimizdə kiçik tərəfdaşın nə vaxtdan belə həlledici olduğunu deyən insanlar olduqca çoxdur” – deyə o, bildirir.

Yaxın vaxtlarda Nyu Yorkda baş tutan Paşinyan-Erdoğan görüşündən sonra da türk müxalifət siyasətçilərindən biri Erdoğana Ermənistanla münasibətləri digər dövlətlərin siyasətindən ayırmağı tövsiyə edib.

O, həmçinin Azərbaycanı Erdoğana qarşı çıxmağa cəsarət etdiyi üçün “nankor” və “hörmətsiz” adlandırıb.

Bu, Erdoğanın “Onlar Qafqaza necə daxil oldularsa, İsrailə də elə girəcəklər” bəyanatına etiraz edən Əliyev haqqında olub.

Həmin bəyanatla Erdoğan faktiki olaraq Qarabağdakı qələbəni Türkiyəyə aid edirdi.

Bununla belə, Bakının “nankorluğuna” və Rusiya ilə yaxınlaşaraq Türkiyədən mümkün qədər “müstəqil olmaq” strategiyasına baxmayaraq, Erdoğan Ermənistanla münasibətləri Azərbaycanla əlaqələndirməyə və Bakının maraqlarını nəzərə almağa davam edir.

 Bu barədə açıq şəkildə danışan türkiyəli rəsmilər də var. Onlar dəfələrlə Bakının siyasətinə uyğun hərəkət etdiklərini bəyan ediblər.

Məsələn, Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu yaxınlarda açıq şəkildə bildirib ki, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı danışıqları Bakı aparır və Türkiyə bu danışıqlarda yalnız dolayı yolla iştirak edir.

Halbuki söhbət həm də Ermənistan-Türkiyə nəqliyyat əlaqələrindən gedir.

Hürrəm Elmaşçının fikrincə, Erdoğanın bu siyasəti “bir millət, iki dövlət” şüarından irəli gələn emosiyalardan daha çox iqtisadi amillərlə əlaqəlidir.

Müəllif xatırladır ki, yalnız 2024-cü ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 477 milyon dollar, fevral ayında isə 343 milyon dollar idxal edilib.

Bu məbləği illik proqnozlar üçün böyüdəndə nəhəng rəqəmlər ortaya çıxır. Yəni Erdoğan Türkiyənin çətin iqtisadi şəraitində Yerevanla münasibətləri Bakının göndərdiyi pullara tabe etmək məcburiyyətində qalır.

Bununla belə, bu siyasət Erdoğanın Türkiyənin Şərq bölgələrində yaşayan əhalinin sərhədi açmaq tələblərini də nəzərə almamasına səbəb olur.

 Halbuki bu, həmin əhalinin ağır həyat şəraitini müəyyən qədər yüngülləşdirə bilər.

Bəs görəsən Türkiyə-Azərbaycan iqtisadi maraqları Erdoğan-Əliyev arasındakı şəxsi maraqlardan irəli gəlirmi? Xatırlatmaq yerinə düşər ki, Türkiyədə prezident seçkiləri zamanı İlham Əliyev Erdoğanı açıq dəstəkləmiş, hətta Azərbaycan tərəfi Türkiyədəki seçki kampaniyasına maliyyə dəstəyi vermişdi.

Son həftələrdə Yerevan və Ankara arasında təmaslar intensivləşib. İki ölkənin liderlərinin görüşündən sonra nəqliyyat nazirlərinin də görüşü baş tutub.

Bu gün İstanbulda “3+3” formatı çərçivəsində Ermənistan və Türkiyənin xarici işlər nazirləri görüşəcəklər. Görüşə Rəcəb Tayyib “Erdoğanın da qatılması gözlənilir.

 Qarşıdakı proseslər isə Ankaranın bu “Bakının diktəsi” ilə siyasətini davam etdirib-etdirməyəcəyini göstərəcək. Xatırladaq ki, İstambulda  görüş baş tutub.

Daha çox göstər
Back to top button