
Azərbaycan Vaşinqtonda əməkdaşlıq etmək istədiyi lobbiçilərdən Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində qeydiyyata düşməli fəaliyyətləri qeydiyyata almamağı tələb edib.
Bu haqda POLITICO məlumatlandırıb.
Məlumata görə, ölkə 2023-cü ilin fevral ayından Friedlander Group ilə əməkdaşlıq edir və həmin şirkətə “ABŞ-Azərbaycan münasibətlərini genişləndirmək” məqsədilə aylıq 41,666 dollar ödəyir.
Bu barədə FARA-nın qeydlərində göstərilir ki, şirkət Konqres işçilərinə və digər təsirli şəxslərə müxtəlif məlumatlandırıcı materiallar göndərib.
Bununla belə, iki lobbiçi POLITICO-ya bildirib ki, Azərbaycan şirkətin ölkə üçün vacib məsələlərlə bağlı fəaliyyətindən narazıdır.
Məsələn, ilin əvvəlində Azərbaycanın yüksək səviyyəli rəsmisi Vaşinqtona səfər edərkən Bayden administrasiyasının yüksək rütbəli nümayəndələri ilə gözlənilən görüşlərin ləğv olunması səbəbindən özünü diqqətdən kənarda hiss edib.
Bu narazılıq Azərbaycanı ötən il ərzində ən azı bir başqa şirkətlə danışmağa sövq edib. Lakin Xarici işlər nazirinin müavini Elnur Məmmədov şirkətə bildirib ki, fəaliyyətlər FARA çərçivəsində qeydiyyatdan keçməməlidir.
Şirkət isə geri çəkilib və mümkün müqaviləni müzakirə etmək üçün səfirliyə müraciət etməyib.
Yeni şirkətlə işləməyə hazırlaşan başqa bir lobbiçi də bildirib ki, onlardan da FARA-nı pozacağını düşündükləri görüşləri təşkil etmələri istənilib.
POLITICO həmçinin xatırladır ki, may ayında Texasdan olan Demokrat millət vəkili Henri Kuellara Azərbaycanın dövlətə məxsus neft-qaz şirkətindən rüşvət almaq və Konqresdəki vəzifəsini Azərbaycanın xeyrinə istifadə etmək ittihamı irəli sürülüb.
O isə bu ittihamları qəbul etmir.
Azərbaycan səfirliyinin sözçüsü Cəmilə Məmmədova POLITICO-ya açıqlamasında bildirib:
“Bizim işimiz tam olaraq ABŞ qanunvericiliyinə uyğundur. ABŞ-Azərbaycan münasibətlərinə gəlincə, Azərbaycan iki ölkə arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirir və biz münasibətlərimizi inkişaf etdirmək üçün amerikalı tərəfdaşlarımızla daim çalışırıq”.
Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) xarici hökumətlər, təşkilatlar və ya şəxslər üçün lobbiçilik fəaliyyəti ilə məşğul olan şəxslər və ya təşkilatların Ədliyyə Departamentində qeydiyyatdan keçməsini və onların əlaqələrini, fəaliyyətlərini və maliyyə ödənişlərini açıqlamalarını tələb edir.







