
Agarak keçid məntəqəsindən Rusiya sərhədçilərinin çıxarılması qərarından sonra Rusiya sərhəd qoşunlarının statusu haqqında Ermənistan-Rusiya dövlətlərarası müqaviləsinə dəyişiklik və ya yenidən baxılması planlaşdırılmır” – deyə Ermənistan Xarici işlər nazirliyi jurnalistin sorğusuna cavab olaraq məlumatlandırıb.
“Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədinin qorunmasında Ermənistan Milli Təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının iştirakı və Ermənistan-İran dövlət sərhədindəki nəzarət-keçid məntəqəsində xidmətin tamamilə Ermənistan MTX sərhəd qoşunlarının qüvvələri ilə həyata keçirilməsi haqqında əldə olunan razılıq müqavilənin dəyişdirilməsini və ya yenidən nəzərdən keçirilməsini tələb etmir” – deyə nazirlikdən bildirilib.
Oktyabrın əvvəlində Moskvada baş tutan yarım saatlıq Paşinyan-Putin görüşündən sonra Yerevan məlumat verdi ki, əldə olunan razılaşmaya əsasən, rus sərhədçilər Agarak keçid məntəqəsindən çıxarılacaq və yanvarın 1-dən etibarən orada yalnız Ermənistanın sərhədçiləri nəzarət edəcəklər.
Halbuki, 1992-ci ildə imzalanmış Ermənistan-Rusiya müqaviləsinin 6-cı maddəsində qeyd olunur ki, “Rusiya sərhəd qoşunları insanların, nəqliyyat vasitələrinin, yüklərin, malların və digər əşyaların buraxılmasını Türkiyə və İranla Ermənistan sərhədində olan mövcud keçid məntəqələri vasitəsilə həyata keçirir”.
Yerevan və Moskva arasında əldə olunan yeni razılaşmaya əsasən, müqavilənin 6-cı maddəsi faktiki olaraq qüvvədən düşmüş olur. Bununla bağlı jurnalist xüsusilə Xarici işlər nazirliyindən 32 illik müqaviləyə yenidən baxılmasının mümkün olub-olmadığını soruşmuşdu







