Bu il Bakıya gələn beynəlxalq qonaqlar Azərbaycanın avtoritar prezidenti İlham Əliyevin ailəsi ilə əlaqəli olan şirkətləri hər yerdə görəcək– deyə bu haqda Təşkilatlanmış Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Mərkəzi (OCCRP) yazır.
Bu ayın sonunda Bakıda keçiriləcək BMT-nin COP29 tədbirinin 5000 iştirakçısı Xəzər dənizinin sahilində yerləşən lüks Sea Breeze Resort otelində qonaq ediləcək.
Oteldə yeddi kilometr uzunluğunda çimərlik, 50-dən çox bar və restoran, eləcə də 60 hovuz var. Lakin qonaqlar bu kompleksin 500 hektarlıq ərazisinin İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarova məxsus olduğunu bilməyə bilərlər.
Dövlət satınalma hesabatları göstərir ki, o, heç bir tender prosedurundan keçmədən, COP29 qonaqlarını qəbul etmək üçün 5,2 milyon dollarlıq dövlət müqaviləsi alıb.
Mənbənin məlumatına görə, tədbirin “rəsmi tərəfdaşlarından” olan yerli şirkətlərin demək olar ki, hamısı ya hakim ailəyə, ya da onlarla biznes əlaqələri olan şəxslərə məxsusdur.
“Prezidentin qızlarına məxsus olan konglomerat da daxil olmaqla COP29-un bu tərəfdaşları beynəlxalq auditoriyanın iştirakı ilə xüsusi sərgi zonasına daxil olmaq və sponsorluq imkanlarından faydalanacaq” – deyə OCCRP yazır.
PASHA Holding prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaya məxsusdur. PASHA Holding-in təsisçilərindən biri olan Paşayev isə Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğludur.
Sentyabrın 17-də və 20-də daha dörd COP29 rəsmi tərəfdaşı elan edilib. Onlar arasında Silk Way West Airlines-in yükdaşıma operatoru və GILTEX adlı tekstil şirkəti də var.
OCCRP-nin araşdırmalarına görə, aviaşirkət keçmiş dövlət məmuru Zaur Axundova məxsusdur, lakin əvvəllər qrupun törəmə şirkəti vasitəsilə Əliyev ailəsi ilə də bağlı olub.
2010-cu ildə Azadlıq Radiosunun apardığı araşdırma göstərib ki, prezidentin kiçik qızı Arzu Əliyeva Silk Way Bank-ın üç sahibindən biri olub.
Bank isə Silk Way Group-un maliyyə qolunun bir hissəsi olaraq aviaşirkət də daxil olmaqla, qrupun digər sahələrini əhatə edir.







