
“COP29-dan öncə Azərbaycan erməni əsirlərini azad etməlidir” — deyə Tbilisidə olan məşhur isveçli eko-aktivist Qreta Tunberq Ermənistanın İctimai Radiosuna verdiyi müsahibədə bildirib və bir neçə ay öncə erməni əsirlərin azad edilməsi ilə bağlı başlanan qlobal kampaniyaya qoşulub.
“Azərbaycanda saxlanılan bütün siyasi məhbuslar və əsirlər azad edilməlidir. Mən də dünya miqyasında başlanan kampaniyaya qoşularaq öz qəti tələbimi ifadə edirəm.
Biz beynəlxalq təzyiqlərdən istifadə etməli və Bakıya qarşı sanksiyalar tətbiq etməliyik.
Həm də təkcə öz xalqına qarşı cinayətlərinə görə deyil, həm də ermənilərə qarşı etnik təmizləmə siyasəti apardığına görə”- deyə o, bildirib.
Azərbaycanın iqlim dəyişikliyi üzrə keçirəcəyi konfransı boykot edən məşhur aktivist, növbəti həftə Tbilisidən Yerevana gedəcəyini və Ermənistana öz həmrəyliyini və dəstəyini göstərəcəyini qeyd edib.
“Ermənistana səfərimi səbirsizliklə gözləyirəm ki, aktivistlər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüm. Erməni xalqının məruz qaldığı zorakı köçürmə, etnik təmizləmə hadisələrinə görə dərin təəssüf hissi keçirirəm… Dünya Azərbaycanın avtoritar rejiminin etdiklərinə seyrçi qalmamalıdır”.
Tunberq BMT-nin iqlim sammitinin “neft istehsal edən avtoritar ölkədə keçirilməsini, harada ki, insanların ən sadə hüquqları tapdanır, hüquq müdafiəçilərinin fəaliyyəti qadağandır, ekoaktivistlər, ekoloqlar, jurnalistlər öz araşdırmalarına görə sürgün edilir” riyakarlıq kimi qiymətləndirir.
Gənc iqlim fəalı boykotunu Bakıdakı sammitə qarşı Tbilisidən və Yerevandan ifadə edir.
O, əmindir ki, Azərbaycan COP29 sammitindən neft ixracını artırmaq və yeni müqavilələr bağlamaq üçün istifadə edir. Dünya ölkələrini Azərbaycanın hərəkətlərini qınamağa çağırır:
“Avtoritar, neft ixrac edən bir dövlətə iqlim sammitini qəbul etmək imkanı verməklə biz ona qlobal arenada yer almağa, insan hüquqlarını pozmağa, repressiyaları davam etdirməyə, cinayətlərə və ermənilərə qarşı etnik təmizləməyə yaşıl işıq yandırmış oluruq…”
İsveçli aktivist ötən həftə Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Tbilisiyə gəlib və müxalifətin etiraz aksiyasında iştirak edib.
Rustaveli prospektindəki ilk seçkidən sonrakı mitinqdə Gürcüstanda demokratiya və azadlıq tərəfdarlarına dəstəyini ifadə edib.







