Əliyevin öz reytinqini artırmaq cəhdləri ilə yanaşı, COP29-a qatılan ölkələrin sayı azalır. Artıq demək olar ki, yeni başlayan bu beynəlxalq konfransın əsas vurğusu gözlənildiyi kimi anti-erməni təbliğatıdır.
Hədəf həmçinin Fransadır və Parisə yönələn ittihamlar həm Fransanın ətraf mühit naziri, həm də AB-nin yüksək nümayəndəsi Borrell tərəfindən qəbuledilməz sayılıb.
Politoloq Ara Poğosyan hesab edir ki, Azərbaycanda iqlim dəyişikliyi üzrə qlobal konfransa qatılan ölkələr avtoritar Azərbaycana və onun prezidenti Əliyevə dəstək verirlər.
O, “Radiolur”a müsahibəsində Əliyevin və Bakının digər rəsmilərinin anti-erməni çıxışlarını təhlil edərək vurğulayıb ki, Əliyev bu tədbiri öz PR reytinqini yüksəltmək vasitəsinə çevirib.
“Əvvəlcədən aydın idi ki, Azərbaycanda təşkil olunan COP29 konfransı Əliyevin şəxsi PR məqsədinə xidmət edəcək. Əliyev burada yalnız Azərbaycanla bağlı daxili problemləri həll etməyə çalışır.
Əslində gördüyümüz mənzərə əvvəlcədən danışdığımız kimi, sadəcə Əliyevin şəxsi PR aparmaq, öz problemlərini həll etmək və digər dövlətlərdən qisas almaq imkanıdır”.
Fransanın ətraf mühit naziri Aqnès Pannier-Runacher Bakıya getməmək və iqlim dəyişikliyi üzrə qlobal konfransa qatılmamaq barədə açıqlama verib.
O, Əliyevin Fransa ilə bağlı müstəmləkəçilik və insan hüquqları pozuntuları ittihamlarını qəbuledilməz sayır və bildirib ki, “Prezident Əliyevin COP29 zamanı Fransaya və Avropaya qarşı sözləri qəbuledilməzdir”.
Söhbət yarım il əvvəl Yeni Kaledoniya adalarında təşkil olunan etiraz aksiyalarından gedir. Bu aksiyalar iğtişaşlara çevrilmiş, yanğınlar və qətllərlə müşayiət olunmuşdu.
Yerli sakinlər Fransanın qərarına etiraz olaraq nümayiş keçirmişdilər, bu qərara əsasən adada məskunlaşmış Fransa vətəndaşları artıq seçkilərdə iştirak etmək hüququna malikdir.
Fransa Yeni Kaledoniyada iğtişaşların baş verməsində Azərbaycanı günahlandırır.
Əliyev Qarabağda öz təşəbbüsü ilə başladığı etnik təmizləmələri gizlətmək üçün Parisi ittiham edib və narazılığını ifadə edib ki, nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası Fransa ilə bağlı ittihamlara reaksiya verməyib.
Politoloq Ara Poqosyan deyir: “Son anti-erməni və anti-Fransa bəyanatları fonunda zaldakı alqışlar təəccüblü idi və bu, çox acınacaqlıdır, xüsusilə də Əliyevin bu tamaşasına bir çox ölkənin qoşulması baxımından”.
Əliyevin ittihamlarına AB-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrell də reaksiya verib.
O, X-də yazıb ki, bu bəyanatlar iqlim dəyişikliyi konfransının əsas məqsədlərini təhlükə altına ala bilər və Azərbaycanın COP29-a ev sahibliyi etməsinin etibarlılığına kölgə sala bilər:
“Biz Fransa və Niderlandı dəstəkləyirik. AB və onun üzv ölkələri iqlimə qlobal maliyyə dəstəyinin ən böyük donorudur və dünyanın hər yerində tərəfdaşlara iqlim dəyişikliyi ilə mübarizədə dəstək verir.
Biz Azərbaycanda insan haqları böhranı ilə üzləşən media və qeyri-hökumət təşkilatlarına qarşı Azərbaycan hakimiyyətinin hücumlarını pisləyirik”.
Politoloq Ara Poqosyan hesab edir ki, COP çərçivəsində aparılan anti-Fransa təbliğatı Fransanın Ermənistana qarşı müsbət münasibətinə cavabdır.
O əmindir ki, Bakıda səsləndirilən anti-erməni və anti-Fransa təbliğatının nəticəsiz qalmayacaq:
“Bakıdakı COP29 öz ruhu və məqsədləri baxımından artıq uğursuzdur. Deyə bilərik ki, tamamilə başqa məqsədlərə xidmət edir və əvvəlcədən elan edilən COP29 məqsədləri ilə heç bir əlaqəsi yoxdur.
Buna görə də bu, gələcək proseslərə təsir göstərəcək. Mən düşünürəm ki, bu konfrans növbəti belə tədbirlərin etibarlılığına təsir edəcək”.
COP29 başlayandan cəmi dörd gün keçib, lakin səs-küy böyükdür və məqsədlər aşkar görünür.
Bir çox ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri konfransa qatılmaqdan imtina ediblər.
Onların arasında Fransa Prezidenti Makron, Avropa Komissiyasının sədri von der Leyen, ABŞ Prezidenti Bayden, Almaniya kansleri Şolts, Kanada Baş naziri Trüdo, Rusiya Prezidenti Putin də var.
Bir neçə saat əvvəl Argentina da bu qərarı verib.







