Fransa, “koloniyalarla” bağlı Əliyevin etdiyi şərhlərindən sonra COP29-u boykot edib

Fransanın iqlim məsələləri üzrə yüksək səviyyəli nümayəndəsi, Azərbaycanın ölkə prezidentinin Fransanı onun dəniz aşırı ərazilərində iqlim dəyişikliyi ilə bağlı narahatlıqları “amansızca”basdırmaqda ittiham etməsindən sonra, COP29 iqlim danışıqlarında iştirak etmək üçün Bakıya getməyəcək.
Bu haqda POLITICO xəbər verir.
Fransanın Ekoloji Keçid naziri Anyes Panye-Rünasher, noyabrın 13-də Fransanın Senatında “Respublika Prezidenti və Baş nazirlə müzakirədən sonra gələn həftə Bakıya getməyəcəyəm” deyərək, Azərbaycanın bu ifadələrini “qəbuledilməz” və “əsassız” adlandırıb.
“Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizəni öz qeyri-ləyaqətli şəxsi gündəminə alət edir”– deyə Panye-Rünasher bəyan edib.
Fransanın iqlim naziri tədbirdə iştirak etməyəcəyinə görə, Paris Bakı konfransına heç bir yüksək səviyyəli siyasi nümayəndə göndərməyəcək.
Fransa Prezidenti Emmanuel Makron da tədbirə qatılmayacaq. Fransanın bu qərarı 2015-ci ildə Paris Sazişinin imzalanmasından bəri ilk dəfə olaraq iqlim dəyişikliyi üzrə konfransın Fransa rəhbərliyinin iştirakı olmadan keçiriləcəyini göstərir.
Noyabrın 14-ü səhər saatlarında, Azərbaycan Prezidenti İlham Əliyev kiçik ada dövlətlərinin rəhbərləri ilə görüşündə Fransa və Niderlandı “neo-kolonializm” mövzusunda tənqid edib və bunu iqlim dəyişikliyi ilə əlaqələndirib.
Əliyev COP29 çərçivəsində inkişaf edən kiçik ada dövlətlərinin rəhbərlərinin sammitində “Fransa və Niderlandın belə adlandırılan dəniz aşırı əraziləri, xüsusən Karib dənizi hövzəsi və Sakit okeanda, iqlim dəyişikliyindən ən çox zərər çəkənlər sırasındadır.
Bu icmaların səsləri çox vaxt rejimlər tərəfindən amansızcasına boğulur” – deyə bildirib.
Azərbaycan Prezidenti Fransanın “koloniyalar” adlandırdığı ərazilərdə, xüsusən Fransa Polineziyası və Əlcəzairdə keçirilmiş nüvə sınaqlarını misal gətirərək, bu ərazilərdə “ətraf mühitin dağıdılmasına” səbəb olduğunu irəli sürüb.
O, həmçinin, Fransa Prezidenti Emmanuel Makronun hökumətini ilin əvvəlində Yeni Kaledoniyada baş verən zorakılıqlar üçün məsuliyyət daşımaqda ittiham edib.
Qeyd edilir ki, nümayişlər zamanı Yeni Kaledoniyada qarşıdurmalar nəticəsində 13 nəfər həlak olub.
Niderland da Əliyevin şərhlərinə cavab verib. Niderland Xarici İşlər Nazirliyinin sözçüsü POLITICO-ya bildirib ki, nazirlik Azərbaycan rəhbərinin Niderlandın dəniz aşırı ərazilərində repressiyalarla bağlı əsassız fikirlərini” qətiyyətlə rədd edir.
COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu konfransı, noyabrın 11-də Azərbaycanda başlayıb və noyabrın 22-dək davam edəcək.
Azərbaycan, müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən fosil yanacaq sahəsinə investisiyaları davam etdirdiyinə görə tənqid olunub.
Məqalədə bildirilir ki, hətta konfrans keçirilən müddətdə belə, Bakı yeni müqavilələr imzalamaqda davam edir.







