
Ermənistan qarşılıqlılıq prinsipi əsasında İran yük maşınlarına yol vergisindən güzəştlər tətbiq edəcək. Alınan məlumatıa görə, Ermənistan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi parlamentdə ikinci oxunuşda və tamamilə qəbul edilib.
Layihə 66 lehinə, 3 əleyhinə, 26 bitərəf səslə təsdiqlənib.
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan bildirib ki, hökumətə qarşılıqlılıq prinsipi əsasında sərhəddə yol vergisindən güzəştlər, habelə bu güzəştlərin miqdarı, forması və növünü müəyyən etmək səlahiyyəti verilir.
Bu güzəştlər yük nəqliyyat vasitələrinin növündən asılı olaraq dəyişəcək. O qeyd edib ki, əsas məqsəd İran İslam Respublikasının tərəfdaşları ilə əldə edilmiş razılaşma çərçivəsində qarşılıqlılıq əsasında yol vergisindən güzəştlər tətbiq etməkdir.
Qanun layihəsinə əsasən, Ermənistanda qeydiyyatda olmayan (dövlət nömrə nişanı ilə qeydə alınmayan) yük avtomobilləri ilə Ermənistan Respublikasının avtomobil yollarından istifadə edən şəxslər yol vergisindən qarşılıqlı prinsiplər əsasında azad edilə bilər.
Bu azadolma, Ermənistan Respublikası ərazisindən üçüncü ölkələrin ərazilərinə tranzit məqsədi ilə, həmçinin tranzit olmadan Ermənistan ərazisinə daxil olan yol vergisi ödəyicilərinə şamil ediləcək.
Bundan əlavə, qarşılıqlılıq prinsipi əsasında yol vergisi üçün aşağı tarif dərəcələri də tətbiq edilə bilər.
Bunun üçün hökumət yük nəqliyyat vasitələrinin qeydiyyat ölkəsini, növünü və sayını, habelə yol vergisinin azaldılmış tarif dərəcəsini və ya azalma faizini müəyyən edə bilər.
Nazir müavini qeyd edib ki, qanunun qəbulundan sonra İran tərəfdaşları ilə müzakirələr aparılacaq və bunun həyata keçirilmə formatı müəyyən ediləcək.
Bu tənzimləmə ilə yük daşımaları üçün daha əlverişli və rəqabətli şərtlər yaratmağa çalışacaqlar.
Ermənistanda qeydiyyata alınmamış yük avtomobilləri ilə ölkənin avtomobil yollarından istifadə edənlər yol vergisi ilə vergitutma obyektləri hesab edilir.
Vergi Məcəlləsinə görə, yük nəqliyyat vasitələri üçün yol vergisi onların icazə verilən maksimum çəkisinə uyğun müəyyən edilir.







