BBC: “COP29-u təşkil edən Azərbaycan ekoloqları həbs edir”

İqlim dəyişiklikləri ilə bağlı ən mühüm beynəlxalq sammit hər il fərqli ölkədə keçirilir və Azərbaycan, aktivistləri hədəf almaqda və etiraz hüququnu məhdudlaşdırmaqda ittiham edilən üçüncü COP ev sahibi ölkəsidir.
Climate Action Network – dünyanın müxtəlif yerlərində 2000-dən çox ekoloji təşkilatı birləşdirən alyans – bildirir ki, vətəndaş azadlıqları iqlim böhranını yavaşlatmaq üçün çox vacibdir.
Hüquq müdafiə təşkilatları COP29 sammitinə ev sahibliyi edəcək ölkələrin seçilməsi prosesinin yenidən nəzərdən keçirilməsini tələb edirlər.
Onlar deyirlər ki, Azərbaycanda ekoloji aktivistlər arasında vicdan məhbuslarının sayı ilə bağlı narahatedici artım qeydə alınıb.
Amnesty International-ın nümayəndəsi Natalya Nozadze BBC-yə bildirib ki, ölkənin COP29-a ev sahibliyi edəcəyi elan edildikdən sonra Azərbaycanda hökumət siyasətinə qarşı çıxmaq daha da çətinləşib:
“Biz hökumətin tənqidi və ya siyasi gündəminə zidd hesab etdiyi bütün məsələlərlə bağlı həbslərin və çıxış qadağalarının kəskin artımını görürük” – deyə o qeyd edib.
“Azərbaycanda Siyasi Məhbusların azadlığı” təşkilatının məlumatına görə, 2000-ci illərin əvvəllərindən bəri ilk dəfədir ki, ölkədə siyasi məhbusların sayı 300-ü ötüb.
Onların arasında jurnalistlər, ekoloji aktivistlər və siyasi opponentlər var.
London İqtisadiyyat Məktəbinin 53 yaşlı professoru Qubad İbadoğlu Azərbaycanın neft-qaz sektorunu və ekoloji problemləri tədqiq edir.
2023-cü ilin yayında o, doğma ölkəsində dələduzluq ittihamı ilə həbs edilib.
Bir ildən çoxdur ki, o, ev həbsində saxlanılır. Human Rights Watch İbadoğluna qarşı ittihamları “şübhəli” adlandırıb, onun qızı isə Böyük Britaniyanın Baş naziri Kir Starmerdən atasının azad edilməsinə yardım etməsini xahiş edib.
“Fikrimcə, avtoritar rejimlərin qaydalarından biri cəmiyyətdə fikir formalaşdırmaq gücü olan insanları həbs etmək və həbsdə saxlamaqdır” – deyə İbadoğlu bildirib.
Professor hesab edir ki, səhhəti ilə bağlı onun həyatına təhlükə var.
Anar Məmmədli aprel ayında qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Bu, onun Azərbaycanda Paris Sazişinin həyata keçirilməsi üçün hakimiyyəti atmosferə karbon qazı tullantılarını azaltmağa çağıran təşkilat yaratmasından cəmi iki ay sonra baş verib.
Ekoloji aktivistlər Azərbaycanın neft və qazdan asılılığını azaltmasını istəyirlər. Hazırda bu sənaye ölkə büdcəsinin təxminən 60 faizini təmin edir.
Lakin yanvarda məlum olub ki, əksinə, Bakı növbəti on ildə təbii qaz hasilatını artırmağı planlaşdırır. Çərşənbə axşamı ölkə prezidenti İlham Əliyev iqlim sammitində neft və qazı “Allahın lütfü”adlandırıb.
“COP29 ekoloji fəaliyyət üçün açıq və əlçatan bir platforma olmalı idi, lakin sammit tamamilə başqa bir mənzərə alır” – deyə Məmmədlinin yaxın dostu Bəşir Süleymanov bildirib.
61 yaşlı Nazim Bəydəmirli bu ilin oktyabrında şantaj ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, ötən il kəndi yaxınlığında qızıl hasilatına qarşı keçirilən etirazdan sonra həbs olunub.
Bəydəmirlinin vəkili Aqil Layıc onun ittihamlarının əsassız olduğunu və bunun COP29 öncəsi Azərbaycanda müxaliflərə qarşı repressiyaların ümumi mənzərəsinə uyğun gəldiyini deyib.
Vətəndaş azadlıqlarını boğduqları üçün COP29-un əvvəlki iki sammitinə ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri və Misir də tənqid olunmuşdu.
“Fikrimcə, insan hüquqlarını davamlı şəkildə pozan Azərbaycana, BƏƏ-yə və ya Misirə iqlim sammiti keçirməyə icazə vermək böyük səhvdir” – deyə azərbaycanlı jurnalist və ekoloji aktivist Emin Hüseynov bildirib.
“Prezident Əliyevin iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur, lakin o, COP29-u özünü və zəhərli imicini ‘ağartmaq’ və ‘yaşıl göstərmək’ üçün istifadə etmək istəyir” – deyə o, əlavə edib.
Azərbaycanın yüksək səviyyəli diplomatlarından biri və Prezident Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyov sammitdən əvvəl BBC-yə bildirib ki, “bu cür ittihamları qəbul etmir, çünki onlar faktlara əsaslanmır”.
İqlim sammiti hər il dünyanın yeni bir regionunda keçirilir və ev sahibi ölkə həmin regiondakı bütün ölkələrin konsensusu ilə təsdiqlənir.
Vətəndaş cəmiyyətinə düşmən münasibət göstərən ölkənin seçilməsinə necə mane olunmadığı anlaşılmazdır.
Hüquq müdafiəçilərinin ev sahibi ölkə ilə müqavilədə etiraz hüququnun təmin edilməsi ilə bağlı müddəaların daxil edilməsi çağırışına cavab olaraq, BMT bildirib:
“Bu il qəbul ölkəsi ilə müqaviləyə ilk dəfə insan hüquqlarının qorunması ilə bağlı müddəalar daxil edilib və biz bunu müsbət irəliləyiş kimi qarşılayırıq.”
“BMT-nin ev sahibinə insan hüquqları ilə bağlı nə edə biləcəyini və ya edə bilməyəcəyini söyləmək səlahiyyəti yoxdur, problem də budur” – deyə Climate Action Network-un icraçı direktoru Təsnim Əsop bildirib.
O, hesab edir ki, bu məsələni sammitlərə qatılan digər ölkələr qaldırmalıdır, lakin qeyd edir ki, onların çoxundan bunu gözləmək çətindir.
Avropa Parlamentinin üzvləri oktyabr ayında Azərbaycanda aktivistlərə, jurnalistlərə və müxalif siyasətçilərə qarşı “zorakılıqları”qınayıb və bildiriblər ki, COP29 bu ölkədə keçirilməməli idi.
Lakin Emin Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət əsasən “təslim olub”. Xüsusilə, o, keçmiş illərdə Misirə qarşı açıq tənqidlərlə çıxış edən Böyük Britaniya hökumətinin, bu dəfə Azərbaycana qarşı reaksiyasının olmamasını vurğulayır.







