
Noyabrın 21-də Lionda “Overn-Rona-Alplar -Ermənistan-Syunik dostluq günü” tədbirləri çərçivəsində Ermənistanla region arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə həsr olunmuş konfrans keçirilib.
“Armenpress”in məlumatına görə, Ermənistanın Fransadakı səfirliyinin “Facebook” səhifəsində bildirilir ki, Overn-Rona-Alplar regionunun (ORA) təklifi ilə bu ilk ORA-Ermənistan iqtisadi görüşü “Ermənistan-Fransa iqtisadi əməkdaşlığı”nın yol xəritəsinin ən mühüm istiqamətlərindən birinə – Ermənistan üçün strateji əhəmiyyət kəsb edən enerji sektoru, xüsusən də bərpa olunan enerjiyə həsr olunub. Konfransda Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan da iştirak edib.
“Konfrans Ermənistan Respublikası Xarici İşlər Nazirinin müavini Paruyr Hovhannisyanın başçılıq etdiyi tədbirlərdə iştirak edən Ermənistan nümayəndə heyətini salamlayaraq, ORA regionunun vitse-prezidenti Filip Mönyenin çıxışı ilə başlayıb. O, regionun Ermənistanla iqtisadi əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha təsdiqləyib. Açılış nitqi ilə çıxış edən ER İqtisadiyyat nazirinin müavini Arman Xocoyan da Ermənistan və Fransa arasında iqtisadi əməkdaşlığın reallaşdırılmamış potensialını və bu istiqamətdə səylərin göstərilməsinin vacibliyini vurğulayıb. Konfransda iki Fransa şirkətinin nümayəndəsi “Veolia” şirkətinin nümayəndəsi Fransua Laforet və “Nepsen” şirkətinin nümayəndəsi Manon d’Othyuil Ermənistanda iqtisadi fəaliyyətin aparılması təcrübələrini təqdim ediblər.
İnvestisiyaya Dəstək Mərkəzi Fondunun direktoru Qohar Qalyan və ORA regionunun Müəssisələrinin Direktorlar Şurasının sədri Frank Kolkombe müvafiq olaraq Ermənistanın və ORA regionunun investisiya imkanlarını təqdim ediblər. Konfrans “Ermənistanda və Overn-Rona-Alplar regionunda enerji sahəsində iqtisadi imkanlar” mövzusunda dəyirmi masasının keçirilməsi ilə yekunlaşdı. Ermənistan tərəfindən ER ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan, “İnvestisiyaya Dəstək Mərkəzi” Fondunun baş direktoru Levon Ohanesyan, “Amber Capital” şirkətinin direktoru Karen Arabyan, “R2E2” Fondunun direktoru Karen Asatryan, Fransa tərəfindən isə ORA Regionunun ətraf mühitin mühafizəsi və ekologiya üzrə vitse-prezidenti Tieri Kovaks, Regionun Enerji İnkişafı Rəqabət Qabiliyyəti Təşkilatının Beynəlxalq İnkişaf üzrə Mütəxəssisi İnqrid Millsent, “Bpi France-AURA” Dövlət Fondunun Beynəlxalq İnkişaf şöbəsinin rəhbəri Mark Vodan və “Nuclear Valley”in iqtisadi inkişaf direktoru Jan-Filip Ballan çıxış ediblər”, – mesajda deyilir.
Mənbənin sözlərinə görə, konfransın sonunda məruzəçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.







