
Ermənistan-Azərbaycan danışıqlarında və xarici siyasətdə təkcə diplomatik yanaşmalar deyil, həm də “xəritələr mübarizəsi” davam edir.
Ermənistan Baş nazirinin Qərbi Ermənistan və “Qərbi Azərbaycan” ifadələrinə dair müşahidələrinə paralel olaraq, Ermənistandakı Fransa səfirinin diplomatik bir mesajla müşayiət olunan və müzakirələrə səbəb olan bir xəritə paylaşması xüsusi diqqət çəkib.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottiny sosial şəbəkə platforması X-də İranın 31 vilayətindən biri olan Qərbi Azərbaycan vilayətinin xəritəsini “Yeganə və təkcə budur” qeydilə yayımlayıb.
Ermənistan politoloqlarının fikrincə, bu addım Azərbaycana mesaj vermək üçün edilib, çünki Bakı “Qərbi Azərbaycan” ifadəsindən istifadə edərək Ermənistan ərazilərinə olan iddialarını gücləndirməyə çalışır.
Baş nazir Paşinyan dəfələrlə Azərbaycanın Konstitusiyasının Ermənistan ərazilərinə qarşı iddialarını ehtiva etdiyini vurğulayıb və 13 noyabrda bu iddiaların əhatə dairəsini parlamentdə açıqlayıb.
1919-cu ilin noyabrında Azərbaycan Cümhuriyyəti Antantaya təqdim etdiyi xəritədə Ermənistanın Zəngəzur, Vayots Dzor bölgələrini tamamilə, Ararat, Armavir, Geqarkunik, Tavuş, Lori və Şirak bölgələrini isə qismən Azərbaycanın tərkib hissəsi kimi göstərmişdi.
Bu xəritədə Ermənistanın bugünkü ərazisinin təxminən 60%-i Azərbaycanın tərkibində təsvir olunub. Bu istinadlardan görünür ki, Azərbaycanın Konstitusiyası Ermənistan Respublikasına qarşı ərazi iddialarını bu gün də davam etdirir.
Baş nazir Paşinyan 22 noyabrda verdiyi müsahibədə Qərbi Ermənistan və “Qərbi Azərbaycan” ifadələrini müqayisə edərək, cəmiyyətləri qıcıqlandıran bu cür ritorikanı düzgün başa düşməyin vacibliyini vurğulayıb.
Bu bəyanat, Ermənistanlı analitiklərə görə, Fransa səfirinin paylaşımı ilə əlaqəli ola bilər.
Siyasi şərhçi Hakob Badalyan X-dəki mikrobloqunda qeyd edib ki, Bakı artıq uzun müddətdir “Qərbi Azərbaycan” haqqında danışır, lakin Fransa səfirinin paylaşımı Paşinyanın bəyanatından iki gün sonraya təsadüf edir.
Analitikin yazısından bir sitat:
“Düşünməyə meylliyəm ki, rəsmi Yerevanın bu cür mövqelərində Fransa da öz maraqları və narahatlıqları prizmasından təhlükə görür. Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının legitimləşdirilməsi, mahiyyətcə, Azərbaycanın anti-Fransa mövqeyinin də legitimləşdirilməsi deməkdir”.
Siyasi analitik Sergey Melkonyan isə hesab edir ki, Qərbi Ermənistan və “Qərbi Azərbaycan” haqqında həm oxşar, həm də əks yanaşmalar sülh prosesinə fayda vermir.
“Azərbaycanda “tarixi Azərbaycanın” sərhədləri haqqında düşüncələr üstünlük təşkil edir, bu isə mövcud Ermənistanla uzlaşmır.
Bu, çox dərin bir məsələdir: Ermənistan reallığa uyğun bir yanaşmanı irəli sürsə də, Azərbaycan tarixi iddiaları əsas götürür. Bu ziddiyyət, təbii ki, sülhə gətirib çıxara bilməz”.
Qərbi Ermənistan və “Qərbi Azərbaycan” ifadələri barədə Ermənistan Baş nazirinin bəyanatları Bakıda da birmənalı qarşılanmayıb.
Azərbaycanın Milli Məclisi “Qərbi Ermənistan” ifadəsini Ermənistan Konstitusiyasında ərazi iddiası kimi qiymətləndirib. Bakıda iddia edirlər ki, Ermənistan “Qərbi Azərbaycanlıların qayıdışı” məsələsi ətrafında dialoqa başlamağı rədd edir.
Paşinyan öz müşahidələrində hər iki ölkənin Konstitusiyasına və narahatlıqlarına istinad edərək deyib:
“Burada mühüm bir nüans var: Azərbaycan bu məsələni nəyə görə qaldırır? Həqiqətən narahatdır, yoxsa bu addım sülh prosesini dalana salmaq üçün edilir?
Biz danışıqlarda müəyyən irəliləyişlər olduğunu nəzərə alaraq belə düşünürük ki, Azərbaycan xüsusilə prosesi dalana salmaq üçün hərəkət etmir. Eyni zamanda, bizim də narahatlıqlarımız var.
Aydındır ki, Azərbaycanın Konstitusiyası Ermənistan Respublikasına qarşı ərazi iddialarını ehtiva edir. Bəs nəyə görə biz Azərbaycanın Konstitusiyasını dəyişdirmək məsələsini qaldırmırıq?
Bunun iki səbəbi var: birincisi, bu, doğrudan da, sülh prosesini dalana sala bilər. İkincisi, sülh müqaviləsinin artıq razılaşdırılmış maddəsinə əsasən, tərəflərdən heç biri daxili qanunvericiliyinə əsaslanaraq öhdəliklərini yerinə yetirməməyə haqq qazandıra bilməz.”
Bu yeni ritorika bir çoxlarına həmçinin Qarabağ ermənilərinin qayıtmaq hüququ ilə bağlı müzakirələri gücləndirmək cəhdi kimi görünür.







