
COP29-da razılaşdırılmış iqlim maliyyələşdirilməsi sazişi bəzi ölkələrin danışıqlar nümayəndələri tərəfindən “ədalətin təhrif olunması” adlandırılıb və qəbul edilməməli olduğu bildirilib. Bu barədə Britaniyanın The Guardian nəşri məlumat yayıb.
İqlim sammiti bazar günü səhər saatlarında dramatik şəkildə başa çatdı, danışıqlar iştirakçıları iqlim maliyyə axınının kasıb ölkələrə üç dəfə artırılması ilə bağlı razılığa gəldilər.
İnkişaf etməkdə olan ölkələr zəngin ölkələrdən illik 1,3 trilyon dollar tələb edərək, bu vəsaitin onların iqtisadiyyatlarını dekarbonizasiya etməyə və iqlim böhranının təsirlərini aradan qaldırmağa kömək edəcəyini bildiriblər.
Lakin yekun razılaşma ilə illik cəmi 300 milyard dollarlıq öhdəlik təsdiqləndi və yalnız 1,3 trilyon dollarlıq məqsəd göstəricisi təyin edildi.
Bu rəqəm əvvəlki 100 milyard dollarlıq vədi üstələsə də, Hindistanın danışıqlar nümayəndəsi Çandni Rayna bunu “çox aşağı” olaraq qiymətləndirib.
Hindistanın İqtisadi Məsələlər Departamentinin məsləhətçisi Raynanı yalnız məqsəd yox, həm də sazişin bağlanma prosesi qəzəbləndirib.
Razılaşmanın ilkin layihələri ictimaiyyətə açıqlanmadan əvvəl dövrəyə buraxılmışdı və son anda pərdəarxası sövdələşmələrdən bəhs edilirdi.
Rayna vurğulayıb ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qərarlarını konsensus əsasında qəbul etməlidir. Hindistan qərar qəbul edilməzdən əvvəl xüsusi bəyanat verməyi planlaşdırırdı, lakin buna şərait yaradılmayıb.
O, 300 milyard dollarlıq vədin “qurama” olduğunu qeyd edib. “Bu sənəd yalnız optik illüziya effekti yaradır” – deyə o, vurğulayıb.
Rayna məqsədin qəbul edilməsini “qəzəbləndirici” adlandıraraq belə nəticəyə gəlib: “Bu, ədalətin tamamilə təhrif olunmasıdır”.







